Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məni 2019-cu ilin oktyabrında iqtisadiyyat naziri vəzifəsinə təyin edərkən qarşımda çox önəmli tapşırıqlar qoymuşdu. O vaxt Prezident haqsız rəqabətin bizim üçün böyük problem olduğunu qeyd etmiş və bununla mübarizə aparılması barədə mövcud tapşırıqlarını vermişdi.
YeniAN.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Rəqabət Məcəlləsinin layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, iqtisadi siyasətin əsas məqsədinə inhisarçılığın qarşısının alınması, resursların səmərəli istifadə edilməsi və ictimai mənafelərin qorunması aiddir: "Sağlam rəqabət ölkənin ictimai inkişafının təmin edilməsində əsas amillərdən biridir. Ədalətli rəqabətdən təkcə sahibkarlar deyil, qiymətlərin aşağı düşməsi və məhsul çeşitlərinin artırılması sayəsində sadə vətəndaşlar qazanır”.