Valyuta məzənnəsi

Mükəmməl şəkildə işlənib hazırlanan Rəqabət Məcəlləsi qəbul edilməli və fəaliyyət göstərməlidir

Tarix:16-11-2019, 18:19

Mükəmməl şəkildə işlənib hazırlanan Rəqabət Məcəlləsi qəbul edilməli və fəaliyyət göstərməlidir

2020-ci ildə ölkədə ÜDM-in real artımı 3,0% olmaqla, 83,3 milyard manat, o cümlədən, qeyri-neft sektoru üzrə 3,8% olmaqla, 54,6 milyard manat təşkil edəcək. Ümumiyyətlə, 2023-cü ilədək ÜDM-nin tərkibində qeyri-neft sektorunun payı 66,8%-ə çatacaq. Gələn il dövlət büdcəsi mədaxilində qeyri-neft gəlirləri isə 10 milyard 536,5 milyon manat təşkil etməklə, payı 43%-ə bərabər olacaq.

Qeyri-neft sektorunu durmadan inkişaf etdirmək, onun ÜDM istehsalında və hər il dövlət büdcəmizin gəlirlərində payını artırmaq ölkədə həyata keçirilən ümumi iqtisadi siyasətin əsas prioritetlərdən birini təşkil etməklə, daimi xarakter daşıyır.

Lakin istənilən effekti əldə etmək və hədəfə tez çatmaq üçün bir sıra çağırışlara əməl etmək gərəkir. Yaxud da İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözləri ilə desəm, sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmaq tələb olunur.

Söhbət nədən gedir?

Ən mühümünü deyim... Məsələn, ötən şərhlərimin birində yazdım ki, qeyri-neft sektorunun daha sürətli inkişafı üçün biznes fəaliyyəti, təşəbbüskarlıq, bazar amilləri şəraiti qarşılıqlı əlaqədə olmalı və bundan örü geniş imkanlar açılmalıdır.

Bizdə isə ortada inhisarçılıq, rəqabətin, həmçinin, savadlı sahibkarların olmaması kimi nüanslar var. Hansı ki, sadalananlardan əvvəlki ikisi, yəni inhisarçılıqla rəqabət amilləri biri-biri ilə daha çox sıx və əlaqəli amillər, məsələlərdir.

Keçirəm mətləbə...

Prezident də bu yaxınlardakı çıxışlarından birində qeyd etdi ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır.

“Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”, - deyə dövlət başçısı bildirdi.

Və yaxud Prezident İlham Əliyevdən başqa bir sitat:

“Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır”.

Bəli, inhisarçılıqla rəqabət biri-biri ilə əlaqədar amillər və məsələlər sayılır. Belə ki, inhisarçılıq olan yerdə rəqabət olmur, rəqabət olmayan yerdə isə normal bazar iqtisadiyyatı sistemi fəaliyyət göstərmir, qiymətlər düzgün tənzimlənmir.

Sonuncu ilə bağlı qeyd edim ki, lap dövlət nə qədər güclü iqtisadi rıçaqlara və nəzarət imkanlarına malik olursa-olsun, bu, mümkün deyil. Çünki dövlət hər dəfə inzibati metodlarla müdaxilə edib qiymət müəyyən edə bilməz.

Yalnız rəqabət olduğu şəraitdə qiymətlər öz yerini tapır.

Sual yaranır ki, bizdə bu sahədə vəziyyət normaldırmı?

Təəssüf ki, yox. Bizdə bəzi sahələrdə sahibkarlar inhisarçı mövqeyə sahibdir. Odur ki, bununla mübarizə aparmaq asan başa gəlmir və gəlməyəcək də. Niyə?

Əvvəla, məsələ bundadır ki, Azərbaycan kiçik ölkə olduğuna görə bu bazarda inhisarçı olmaq asandır. Başqa sözlə desəm, bizdə inhisarçılığa qarşı mübarizə aparmaq, məsələn, Rusiyadan qat-qat çətindir. Odur ki, bu sahədə dövlətimizin və hökumətin üzərinə böyük yük düşür.

Ümumiyyətlə, xırda bazarı olan ölkələrdə rəqabət imkanları məhdud çərçivədədir. Çünki xırda bazarlarda inhisarçılığa meyil genişdir. Bazar böyük olduqda isə hansısa biznes strukturunun üstün mövqeyə sahib olması çətinləşir. Böyük bazarlarda yalnız dövlət tərəfindən dəstək olduqda bu və ya digər sahibkarlıq strukturu inhisarçı mövqeyə sahib ola bilir.

Sözüm bunda deyil. İkincisi, rəqabət mühitinin dar çərçivədə olması keçmiş sovet respublikalarının hamısına aiddir. Bizim kimi kiçik ölkələrdə iqtisadiyyatın bütün sahələrində azad rəqabət problemi mövcuddur. Çünki təkrar edirəm: xırda bazarda həm idxalçının, həm də yerli istehsalçının monopolistə çevrilməsi çox asan başa gəlir.

Bəs nə etməli?

Elə edilməlidir ki, ixrac-idxal əməliyyatlarında, o cümlədən, istehsalatda heç kəs 30%-dən artıq paya sahib olmasın. Və bu zaman nəzərə almaq lazımdır ki, bazarın miqyası məsələnin obyektiv tərəfidir. Rəqabət amilinə mane olan, əslində, iki əsas cəhət vardır ki, bunlardan biri inhisarçılıqdırsa, digəri biznes strukturuna məmur himayəçiliyidir. Bəli, bu iki cəhət olan yerdə rəqabət hər yerdə zəifdir. Azərbaycanda isə bir sıra sahələrdə rəqabətin olmamasında məhz bu iki amilin də rolu var.

Odur ki, çıxış yolu nədir, deyim: qanunvericiliyi sərtləşdirmək yolu ilə inzibati metodlardan istifadə etməklə, kiçik və orta sahibkarlara əlverişli mühit yaratmaq, iri sahibkarlara daha çox vergi tətbiq edərək, kiçik və orta sahibkarları bir sıra vergilərdən azad etmək, Rəqabət Məcəlləsini qəbul etmək və sair.

Düzdür, dövlət tərəfindən antiinhisar siyasəti, inhisarçılığa qarşı tədbirlər həyata keçirilir. Məsələn, süni qiymət artımının qarşısını almaq ilə bağlı müvafiq tədbirlər görülür, idxalda və istehsalda 30%-dən artıq paya sahib sahibkarlıq strukturlarına qarşı həmişə sərt mövqe nümayiş etdirilir. Amma bunlarla tam effektiv nəticə əldə etmək çətindir.

Təkrar edirəm ki, qanunvericilik sərtləşdirilməlidir. Mükəmməl şəkildə işlənib hazırlanan Rəqabət Məcəlləsi qəbul edilməli və fəaliyyət göstərməlidir. Qanun layihəsi elə hazırlanmalıdır ki, o, işlək olsun, gözlənilən nəticələri versin. Prezident tərəfindən 2006-cı ildən Milli Məclisə təqdim edilən sözügedən Məcəlləyə aid layihə iki oxunuşdan keçsə də, üçüncü oxunuşa hələ də çıxarılmır.

Niyə? Aydın deyil.

Sözüm bunda da deyil. Bayaq da qeyd etdiyim kimi, rəqabət olan yerdə süni qiymət artımı olmur, qiymətləri bazar tənzimləyir, keyfiyyət amili ön sıraya çıxır, qiyməti keyfiyyət amili ilə müəyyən olunur və sair.

Bu isə yuxarıda qeyd etdiyim, sağlam biznes fəaliyyəti, təşəbbüskarlıq, həmçinin, savadlı sahibkarlar sinfinin bir tandemdə təzahür edərək, mövcud olaraq fəailiyyət göstərməsini tələb edir ki, görünür, bizdə məhz sözügedən fon hələ tam təşəkkül tapmadığı üçün də bəzi tədbirlərin yəyata keçirilməsi və addımların atılması gecikir.

Lakin hər halda ölkədə başlanılan islahatların davamı olaraq iqtisadiyyatda rəqabət qabiliyyətinin də formalaşaraq təşəkkül tapacağı şəksizdir. Çünki bu, yeni yaranmış problem deyil, əvvəllər də mövcud idi. Odur ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dərinləşdikcə, əlverişli rəqabət mühiti də istər-istəməz yaranmalı olacaq. //Obyektivxeber.info//

Oxunub: 244



XƏBƏR LENTİ