Nazirlər Kabineti ödənişli yollardan istifadə qaydalarını təsdiqləyib.
Qaydalarda belə yollardan istifadə ilə yanaşı, ödəniş formaları da göstərilib.
Qaydalara görə, ödənişli magistrallar yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olmalı, eyni səviyyədə kəsişmələri olmamalı, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilməli, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yoludur.
Ödənişli yollar dövlət qurumu tərəfindən idvrə ediləcək.
Belə yollarda hərəkət etmək üçün ödəniş forması və onu təsdiqləyən ödəniş talonu fərqli formalarda olacaq. Belə ki, Bu talon avtomobilin şüşəsinə yapışdırıla bilər (texniki baxış talonu kimi), eləcə də elektron kontaktlı və ya kontaktsız smart kart ola bilər.
Belə yollarda hərəkət üçün ödənişlər nağd və nağdsız ödənilə bilər. Ödənişləri bilavasitə yolun yaxınlığındakı ödəniş məntəqəsində - şlaqbaum, elektron ödəniş terminalı və açıq məntəqə kimi – etmək olar.
Bundan başqa, avtomobilin belə yollarda hərəkəti üçün elektron ödəniş məntəqəsi də qurula bilər. Ən maraqlı üsullardan biri avtomatik elektron ödəniş cihazının qurulması olacaq.Bu qurğular avtomobildə quraşdırılacaq və maşının ödənişli yollarda hərəkətini fiksə edəcək.
Qaydalara görə, ödənişli yollardan istifadə üçün operatorla istifadəçi- yəni avtomobil sahibi arasında müqavilə bağlanır. Amma bu müqaviləni xüsusi imzalamağa ehtiyac yoxdur, ödəniş sənədinin verilməsi müqaviləni təsdiqləyir.
Avtomobil sahibləri belə yollardan istifadə etmək üçün pulu 3 formada ödəyə bilər. Birincisi hər dəfə keçidikdə ödəniş edir, ikincisi, gediş talonu alır,üçüncüsü avtomatik elektron ödəniş cihazını əldə edir.
Ödənişin məbləğini Tarif Şurası müəyyən edəcək, bu məbləğ yolunun dərəcəsi, avtomobilin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyən edilir.
Hərbi, polis, təcili tibbi yardım, eləcə də fövqəladə hallar və yolun təmiri üçün avtomobillər ödəniş etməyəcəklər. Həmin avtomobillər ödənişli yola açıq məntəqədən daxil olacaqlar.
Ödənişli yolda avtomobil hər hansı səbəbdən - qəza və texniki nasazlıq da daxil olmaqla – yolda dayanıb başqa maşınlara mane olarsa, yolun operatoru ödənişli qaydada həmin avtomobili mühafizə dayanacağına aparacaq. Aatomobilin həmin dayanacaqda 24 saatadək saxlanılması pulsuzdur.