Valyuta məzənnəsi

Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın Assambleyasında fəaliyyətini davam etdirib

Tarix:12-04-2019, 13:04

Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın Assambleyasında fəaliyyətini davam etdiribXəbər verildiyi ki, Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov və Sona Əliyevadan ibarət Azərbaycanın nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qətər Dövlətinin paytaxtı Doha şəhərində “Sülh, təhlükəsizlik və qanun aliliyi üzrə təhsilin səviyyəsinin artırılmasında parlamentlərin rolu” mövzusunda keçirilən 140-cı Assambleyasında iştirak edib.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Assambleyanın son günündə nümayəndə heyətimizin üzvü Kamran Bayramov iştirakçılar qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil səviyyəsinin artırılması, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması üzrə görülmüş işlər və həyata keçirilən islahatlar, bu sahədə qəbul olunmuş qanunvericilik aktları barədə geniş məlumat verib. Bununla yanaşı, dövlətimizin başçısının sərəncamları əsasında təhsilin maddi-texniki təminatının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin görüldüyü, son 15 ildə Azərbaycan Respublikasında 3500-dən çox məktəb binalarının tikildiyi və əsaslı təmir olunduğu, nəticədə şagirdlərin təhsil şəraitinin təkmilləşdirildiyi, təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiq olunduğu barədə bəhs edilib. Eyni zamanda, regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi maneə törədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir zamanı, həmçinin Qətərin nüfuzlu “The Peninsula” və “Al Sharq” qəzetlərinə Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında müzakirə olunan müxtəlif məsələlər, habelə Azərbaycan-Qətər münasibətləri barədə müsahibələr verilib.

Assambleyanın hesabat bölməsində isə Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ötənilki fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına hesabatını təqdim edib, qeyd edilən müddət ərzində iştirak etdiyi beynəlxalq tədbirlər sırasında 2018-ci ilin oktyabrında ölkəmizdə keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunu xüsusilə qeyd edib. Bununla yanaşı, İttifaqın prezidenti Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüyünü, həmin görüşün çox faydalı olduğunu və onun üçün xoş təəssürat bağışladığını qeyd edib, Assambleya iştirakçılarına görüşdən olan şəkilləri nümayiş etdirib.

Parlamentlərarası İttifaqın 140-cı Assambleyası aprelin 10-da başa çatıb.

Oxunub: 210



XƏBƏR LENTİ