Valyuta məzənnəsi

"Bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür"

Tarix:31-10-2019, 21:39

"Bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür""Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər".

obyektiv.info xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Xaçmaz və Yevlaxa təyin olunan yeni icra başçıları ilə görüşündə deyib.

"Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə siz ən kasıb təbəqəni bu işlərə cəlb etməlisiniz ki, onlar işsiz qalmasın. Mən demək istəyirəm ki, bu ödənişli iş yerlərinin böyük əksəriyyəti bizə lazım deyil. Ancaq biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun və rayonlarda iş axtaran işlə təmin olunsun. Yenə də demək istəyirəm ki, bu işlərdə artıq 40 minə yaxın vətəndaş işləyir və eyni zamanda, onların arasında bağbanlar, binaları təmir edənlər də var. O da bizə lazımdır. Ona görə bu sahəyə çox ciddi diqqət göstərilməlidir və elə etməlisiniz ki, vətəndaşlar sizin fəaliyyətinizdən razı qalsınlar.

İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq".

Oxunub: 409



XƏBƏR LENTİ