Valyuta məzənnəsi

“Vətən sərhəddən başlayır – sərhədlərimiz milli dəyərimizdir” mövzusunda seminar keçirilib

Tarix:9-02-2019, 13:04

“Vətən sərhəddən başlayır – sərhədlərimiz milli dəyərimizdir” mövzusunda seminar keçirilib
Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq, Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda “Vətən sərhəddən başlayır – sərhədlərimiz milli dəyərimizdir” mövzusunda seminar keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində keçirilən seminardan əvvəl hərbi qulluqçular və qonaqlar hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin fotoekspozisiya ilə tanış olub və dahi rəhbərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan seminarda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bəbirovun iştirakı ilə keçirilən seminarda bildirilib ki, tədbirin əsas məqsədi ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsi, onları Vətəninə, onun sərhədlərinə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək, gənclərdə sərhədçi peşəsinə marağı artırmaq, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv tədbirlərin görülməsidir.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nın Sərhəd Qoşunlarına həvalə olunmasının isə şərəf və qürur hissi yaşatmaqla yanaşı, Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimad və etibarının ifadəsi kimi dəyərləndiriblər. Eyni zamanda, sərhədlərimizin mühafizəsinin təşkili zamanı şücaət göstərmiş sərhədçilərimizin qəhrəmanlıqlarından danışılıb, onların göstərdikləri igidliklər hər bir gəncə, sərhədçiyə örnək olması xüsusi olaraq vurğulanıb.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Oxunub: 313



XƏBƏR LENTİ