Ailə Biznesinə Asan Dəstək (“ABAD”) publik hüquqi şəxs kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb.
Mərasimdə çıxış edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun əldə etdiyi nailiyyətlər haqqında danışıb: “ABAD” publik hüquqi şəxs Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılıb. “ABAD” pilot layihə olaraq 7 təsərrüfatçı ailə ilə başlayıb. Hazırda 336 “ABAD”çı kiçik və orta sahibkar bizim dəstək proqramına qoşulub. Yaradılan 40-a yaxın qida brendi ölkənin ən iri hipermarketlərində satışdadır. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri “ABAD” etno-butiklərində satışa çıxarılıb. Perspektivdə dəstək istiqamətlərinin sayının çoxalması, ixrac potensialının gücləndirilməsi və “ABAD”çı ailələrinin sayının daha da artması gözlənilir”.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
“ABAD” həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, daşınma, logistika və ən əsası satışın təşkili kimi xidmətlər göstərir.
Azərbaycanın işgüzar dairələrində ən nüfuzlu mükafat sayılan “Uğur” Milli Mükafatı 2000-ci ildə, ölkədə iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. 1996-cı ildən dərc olunan “Consulting&Business” jurnalı Azərbaycanda iqtisadçı, siyasətçi, menecerlər və işgüzar şəxslərin məşhur jurnalına çevrilib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafında töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə, verilir.
Oxunub: 273