Oktyabrın 8-də Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi bu təhsil ocağının Sankt-Peterburqda keçirilən "Salut Talantov” VIII Beynəlxalq musiqi festivalında 1-ci yerə layiq görülmüş ifaçılıq (Xalq çalğı alətləri–tar) fakültəsinin III kurs tələbəsi Bəxtiyar Məmmədovla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Siyavuş Kərimi Bəxtiyar Məmmədovu təbrik edərək bunun böyük uğur olduğunu bildirib. Qeyd edib ki, son illər bir çox ifaçımız milli alətlərimizin təbliğində və iştirakçısı olduqları müsabiqələrdə uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edirlər və bu, təqdirəlayiq haldır.
Qeyd edək ki, B.Məmmədov oktyabrın 2-5-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən festivalda bəstəkar Antonin Dvorakın "Slavonic Dance” əsərini ifa edib. Ümumilikdə 40 ölkədən 800 iştirakçının qatıldığı festivalın ilk günündə təmsilçimiz birinci yerə layiq görülərək qala konsertə dəvət alan 30 iştirakçı siyahısına daxil ola bilib. Qala konsertdə də uğurla çıxış edən Bəxtiyar Məmmədov festivalın "Ən yaxşı ifaçısı” adına layiq görülüb.
Festivala Gənclər və İdman Nazirliyi və konservatoriyanın birgə dəstəyi ilə qatılan Bəxtiyar Məmmədov bu təhsil ocağının müəllimi, Əməkdar artist Şəhriyar İmanovun tələbəsidir.
Oxunub: 332