Valyuta məzənnəsi

Nazir Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı əlaqələndirmə komissiyasının yaradılmasını təklif edib

Tarix:10-04-2019, 11:58

Nazir Azad Rəhimov BMT-də gənclərin məşğulluğu ilə bağlı əlaqələndirmə komissiyasının yaradılmasını təklif edibNyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının baş qərargahında 8-ci İqtisadi və Sosial Şuranın Gənclər Forumu öz işinə başlayıb. BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda Kinq, Baş Assambleyanın prezidenti xanım Maria Fernanda Espinosa Qarces, BMT baş katibinin gənclər üzrə xüsusi nümayəndəsi Jayathma Vickramanayake və digər rəsmilərin iştirak etdikləri forumda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlərin, rəsmilərin, gənclər sahəsinə məsul nümayəndələrin qatıldıqları forumda “Gənclik 2030: Gənclərlə və gənclər üçün işləmək”, “Gənclərin inkişafına investisiya: Maliyyələşdirmə və digər tətbiq vasitələri” və s. mövzular ətrafında fikir mübadilələri aparılıb, gələcək planlar müzakirə edilib.

Nazir Azad Rəhimov çıxışında deyib: “2030 Gündəliyinin reallaşması üçün dövlət könüllülərin sayının artırılması, könüllülük fəaliyyətinin inkişafı, könüllülərə dəstək verilməsi üçün mühüm addımlar atır. 2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin ölkəmizdə təqdimat və mükafatlandırma mərasimi də keçirilib. BMT modeli gənclər üçün yeni biliklərin əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində seçim, təlim və effektiv inkişaf mexanizmidir”.

Çıxışı zamanı Azad Rəhimov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən zəbt edildiyini və öz yurd-yuvalarından didərgin düşən insanların böyük əksəriyyətinin məhz gənclər olduğunu bildirib.

Plenar iclasda çıxış edən nazir Minilliyin İnkişaf Məqsədləri (2000-2015) və Dayanıqlı İnkişaf Məqsədləri (2016-2030) proqramlarının həyata keçirilməsindən öncəki mərhələdə ölkənin əldə etdiyi uğurlardan, qarşıya qoyulan məqsədlərdən və proqramlardan irəli gələn öhdəliklərdən danışıb. O, BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədilə xüsusi əlaqələndirmə komissiyasının yaradılması təklifini irəli sürüb.

ABŞ-a səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin baş katibinin gənclər üzrə elçisi xanım Jayathma Vickramanayake, BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda Kinq, Serbiyanın gənclər və idman naziri Vanja Udovicic, Rusiya nümayəndə heyətinin BMT İqtisadi və Sosial Şurasında rəhbəri, gənclər siyasəti üzrə Federal Agentliyin nümayəndəsi Aleksandr Buqayev, Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss, Əfqanıstanın gənclər məsələləri üzrə nazir müavini Kamal Sadat ilə görüşlər keçirib. Görüşlərdə gənclərin məşğulluğu sahəsində informasiya mübadiləsi aparılıb, qarşılıqlı layihələr haqqında danışılıb, eyni zamanda, Rusiya və Azərbaycan arasında “Tələbə baharı” və digər layihələrin reallaşması mövzuları müzakirə olunub.

Oxunub: 322



XƏBƏR LENTİ