Milli Məclisin (MM) bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib.
YeniAN.info Etikxeber.az-ın məlumatına istinadən bildirir ki, iclasın gündəliyinə iki məsələ əlavə edilib.
Bunlar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş).
“Prezident tərəfindən Milli Məclisə iki yeni qanun layihəsi göndərilib. Çox vacib layihələrdir və təxirə salınmadan qəbul edilməlidir”.
Bunu da öz növbəsində parlamentin spikeri Sahibə Qafarova deyib.
15:11
***
Koronavirusa qarşı vaksinlər vergidən azad ediləcək.
Bu, birinci oxunuşda müzakirəyə çıxarılacaq Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ kjoronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.
Qısa müzakirələrdən sonra hər iki yeni qanun layihəsi birinci oxunuşlarda qəbul edilib.
MM-in növbəti iclası sabah keçiriləcək.
YeniAN.info