Valyuta məzənnəsi

Təhsil Nazirliyinin Ağsudan xəbəri var? - Saxta diplom... Ailə səltənəti... - Ağır ittihamlar

Tarix:16-09-2018, 08:22

 Təhsil Nazirliyinin Ağsudan xəbəri var? - Saxta diplom... Ailə səltənəti... - Ağır ittihamlar

Ağsuda məktəb direktorunun dərs saatı maxinasiyası və ailə biznesi

Ağsu rayonu Kalva kənd orta məktəbində müqavilə ilə müəllim işləyən Əfəndiyev Elgün Vüqar oğlu direktorun dərs saatını ailəsi arasında bölüşdürməyindən və ona qarşı haqsızlıq etdiyindən şikayət edib.

Şikayətçi Elgün Əfəndiyev Yenicag.az-a bildirib ki, 2013-cü ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında III ixtisas qrupu üzrə 507 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub. 2017-ci ildə həmin universiteti bitirib. Elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb, Ağsu rayonu Dilman kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Bu il də Təhsil Nazirliyinin müəllimlərin işə qəbul imtahanına girərək 46 bal toplayıb və bu balla müqavilə əsasında Kalva kənd orta məktəbinə 6 saat dərs üçün seçim edib və qəbul olub.

Elgün Əfəndiyevin sözlərinə görə, məktəb direktoru vakansiya saatlarını gizlədib və ona dərs saatını vermir:

“Kiçik araşdırma apardım və çox sayda qanunsuzluqlar aşkarladım. Təhsil Nazirliyini aldadaraq 25 ildir ki, Sübhan Şükürov adına Kalva kənd orta məktəbinin direktoru işləyən Əsgərov Rubət Məhəmməd oğlu öz oğlu Elman Əsgərova saxta diplom düzəltdirib tarix müəllimi edərək məktəbin daha çox tarix dərs saatlarını oğluna verib. Bundan əlavə də 39 saat Azərbaycan dili dərsinin 33 saatını həyat yoldaşı Əsgərova Balacaxanıma verib, qalan 6 saatını isə vakansiyaya çıxardıb. Bu cür addım atan insanlığını qoyuram kənara, heç bir zaman pedoqoq ola bilməz. Hətta bütün bunlar azmış kimi indi də oğlunu özünə müavin təyin edib. Müavinlərə qanunla 6 saat dərs yükü verilsə də, bu adam öz oğluna 12 saat dərs verib. O oğul ki, diplomu saxtadır. Ali məktəbə qəbul olmadan adam diplom alıb. Onun qəbul ilində Kalva kəndi üzrə Dövlət İmtahan Mərkəzinin qeydiyyatına 1 nəfər şəxs düşüb. O da 37 bal. Heç bir zaman Dövlət İmtahan Mərkəzində 37 balla ali məktəbə qəbul aparılmayıb.

Gələk həyat yoldaşına. Həyat yoldaşı müəllimlərin diaqnostik qiymətləndirilməsində cəmi 27 bal toplayıb. Belə olan halda, Təhsil haqqında qanuna əsasən, ona 39 saat dərs verilməli deyildi. Çünki 27 bala müvafiq cəmi 14 saat düşür. 25 saat vakant dərs gizlədilib. 25 saatın cəmi 6 saatı vakant yer kimi göstərilib. Bu adam qalan 19 saatı həyat yoldaşına verib”.

Elgün Əfəndiyev baş verənlərdən şikayətçi olaraq Təhsil Nazirliyini sual atəşinə tutub:

“Niyə bu hallar araşdırılmır? Araşdıranlara isə həmin bu qudurğan direktor da deyir ki, gedin, hara istəsəniz şikayət edin. Mənim pulum var. Verəcəm lazımi yerlərə, mənə toxunan olmayacaq. Bu nə düşüncə, bu nə təfəkkür, bu nə özbaşınalıq? Bir adam məktəbdə müəllim işləyə, amma diaqnostik qiymətləndirmədən keçməyə, bir adamın adı Dövlət İmtahan Mərkəzinin qəbul siyahısında olmaya, atasının pulu ilə müəllim kimi işləyə. Bu nə dövrdü? Bu nə özbaşınalıqdı? Niyə rayon Təhsil Şöbəsi bunları görməyib? Niyə rayon İcra Hakimiyyətinin təhsillə bağlı müvafiq qurumu bu məsələni diqqətə almayıb? Yoxsa həmin direktor həqiqətən də bütün bunları pulla ört-basdır edib?

Yaxşı tutaq ki, Təhsil Nazirliyi indi xəbərdar oldu bu faktlardan. Bəs indi hansı addımı atacaq? Sizə də pul təklif edib bu qanunsuzluqları ört-bastır edəcək? Bu hələ bilinənlərdi. Yaxşı, bir düşünün ki, bir adamda bu qədər pul haradandı? Deməli, qanunsuz olan tək bu faktlar yox, onlarla belə fakt var. 25 il – 100 ilin dörddə birini bir müəssisədə qalan şəxs görün nələr etməyib?!

Öz oğlunu müavin təyin edən birinin istəyinə bir baxın. Artıq oğlunu direktor kimi görür. Sizcə, bütün bunlar qanunsuzluq deyil, bəs nədir? Bütün bunları araşdırmaq lazımdır. Görün dövlətin büdcəsini hansı şəkildə çapıb talayırlar”.

Sonda Elgün Əfəndiyev baş verənlərin Təhsil Nazirliyi tərəfindən araşdırılacağına ümid etdiyini bildirib.

obyektivxeber.info

Oxunub: 519



XƏBƏR LENTİ