Valyuta məzənnəsi

Paytaxtdakı 3 nömrəli poliklinikada üç gün ərzində 100-dən çox rayon sakini tibbi müayinələrdən keçirilib

Tarix:15-02-2019, 16:09

Paytaxtdakı 3 nömrəli poliklinikada üç gün ərzində 100-dən çox rayon sakini tibbi müayinələrdən keçirilibBakının Yasamal rayonundakı 3 nömrəli poliklinikasında tibbi müayinələrə başlanılıb. Poliklinikaya daxil olan sakinlər əvvəlcə sahə həkiminə üz tuturlar, ümumi qaydada flüoqrafik və terapevtik müayinələrdən keçir, bir sıra tibbi analizlər verirlər. Sahə həkimi xidməti ərazisində olan vətəndaşları növbəyə əsasən qəbul edir, onları diqqətlə müayinə edib şikayətlərini dinləyir. Sonra yoxlanılan hər kəsi müayinənin nəticələrinə və şikayətlərinə əsasən ayrı-ayrı həkimlərə ünvanlayır: kimi kardioloqa, kimi nevropatoloqa, kimi uroloqa, kimi də ultrasəs müayinəsinə üz tutur...

Poliklinikanın baş həkiminin müavini Zərifə Mirzəyeva AZƏRTAC bildirib ki, poliklinikada profilaktik tibbi müayinələrə ciddi hazırlıq görülüb, şəfa ocağı reaktivlər, plyonkalar və lazım olan digər tibbi ləvazimatlarla təmin olunub. Əhali arasında aparılan profilaktik tibbi müayinələrin başlıca məqsədi patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanmasından ibarətdir. İlk üç gün ərzində 100-dən artıq rayon sakini ilkin tibbi müayinələrdən keçirilib.

Onun dediyinə görə, 30 yaşından yuxarı olan hər bir sakinin kardioloji, 40 yaşından yuxarı olanlar isə endokrinoloji müayinəsi aparılır. Ahıllar, yaşlılar, birinci qrup əlillər və poliklinikaya gəlmək imkanı olmayan sakinlərin yaşadıqları ünvana ixtisaslı həkimlər və tibb bacıları göndərilir. Müalicə müəssisəsində bundan ötəri xüsusi briqadalar yaradılıb. Məqsəd ondan ibarətdir ki, rayonda yaşayan və poliklinikanın xidmət ərazisində olan heç kəs tibbi müayinələrdən kənarda qalmasın.

Baş həkimin müavini keçənilki icbari tibbi müayinələr zamanı poliklinikada 39 min 660 nəfərin yoxlanıldığını bildirib. Onlardan 22 min 819 nəfər laborator, 1660 nəfər rentgen, 855 nəfər ultrasəs və 553 nəfər exokardioqram müayinəsindən keçib. Müayinə olunanlardan 32 nəfərində ürək-damar, 28 nəfərində tənəffüs, 23 nəfərində həzm, 2 nəfərdə sümük-əzələ sistemi xəstəlikləri, 36 nəfərində endokrinoloji, 14 nəfərdə onkoloji xəstəliklər aşkar edilib. Sakinlərdən 330 nəfəri yaşadığı ünvanda yoxlanılıb.

Poliklinikada daimi qeydiyyatda olan 2 min 375 nəfər şəkərli diabet xəstəsi, 320 nəfər onkoloji xəstə qeydiyyatdadır və onlara da müntəzəm olaraq tibbi yardım göstərilir.

Baş həkimin müavini müayinələrin yeni başlanılmasına baxmayaraq onun mütəşəkkil qaydada keçəcəyinə əminliyini ifadə edib. İlk günlər olduğuna görə, hələ müalicə müəssisəsinə o qədər də çox axın olmasa da, bir neçə gündən sonra müayinələrin mütəşəkkil xarakter alacağını bildirib.

Oxunub: 368



XƏBƏR LENTİ