Valyuta məzənnəsi

Gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri davam edir

Tarix:6-04-2019, 14:18

Gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri davam edirBakının Xəzər rayonunda və Zaqatalada çağırışçı gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə rayonların rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon idarəsinin və şöbəsinin şəxsi heyəti, hüquq mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri və valideynlər iştirak ediblər.

Mərdəkan qəsəbəsində keçirilən tədbirdə əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Yolasalma mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi, polkovnik-leytenant Nasir Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xidmətlərindən danışıb.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Milli Məclisin deputatı Rauf Əliyev və digər çıxış edənlər hərbi xidmətə yola düşən gəncləri təbrik edərək, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında Azərbaycan Silahlı Qüvvələrinin müstəsna rolundan söz açıblar.

Sonra valideynlər, müharibə veteranları və ictimaiyyət nümayəndələri çıxış edərək həqiqi hərbi xidmətə yola salınan çağırışçılara uğurlar arzulayıblar. Onlar gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıblar.

Zaqatalada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan yolasalma mərasiminin iştirakçıları da əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, ölkəmizdə hərbi sahəyə göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə həyata keçirilən tədbirlər əsgərlərimizin mənəvi-psixoloji hazırlığına, onların döyüş ruhunun yüksəldilməsinə imkan verib. Eyni zamanda, ordumuzun hərtərəfli hazırlığı tezliklə torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradır.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin rəisi, polkovnik-leytenant Mətləb Murğuzov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu deyib. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edərək, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərb işinin sirlərinə dərindən yiyələnəcək, torpağımızın keşiyində ayıq-sayıq dayanacaqlar.

Çıxışlarda gənclərə vətənimizin, müstəqilliyimizin qorunmasında şərəfli xidmət arzulanıb.

Hər iki tədbirdə çıxış edən gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Çıxışlardan sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə təyin olunduqları hərbi hissələrə yola düşüblər.

Oxunub: 261



XƏBƏR LENTİ