Aprel zəfərinin növbəti ildönümü Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində, idarə və təşkilatlarında silsilə tədbirlərlə qeyd olunur.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, növbəti təntənəli tədbir Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Aprel zəfərinin iştirakçıları, ictimaiyyətin nümayəndələri ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Aprel hadisələrində, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına dünyasını dəyişmiş hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Aprel döyüşləri Azərbaycan dövlətinin, xalqının və Ordusunun Ermənistan üzərində hərbi, siyasi, psixoloji, mənəvi qələbəsidir. Qürurverici haldır ki, həmin hadisələrin baş verdiyi vaxt Azərbaycan vətəndaşları hərbi xidmətə getmək, döyüşə atılmaq üçün qoşunların təmas xəttinə axışdığı zaman ermənilər nəinki səngəri, hətta döyüş bölgəsindən xeyli uzaqda olan evlərini tərk edərək qaçmışdır. Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il Aprel zəfəri Azərbaycan Respublikasının Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə qüdrətli ordular sırasında olduğunu bir daha göstərib.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı uğurlu əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu minlərlə hektar torpağı işğaldan azad etmiş, strateji cəhətdən mühüm ərazilərə sahib olmuşdur. Aprel zəfəri ilə azad edilmiş torpaqlarımıza “Böyük qayıdışın” başlanmasının əsası qoyulmuşdur. Cocuq Mərcanlı bunun bariz nümunəsidir.
Tədbirdə Aprel zəfərinin iştirakçıları polkovnik Elşən Qarayev, kapitan Elnur Əmirov, baş leytenant Loğman Məmmədov, gizir Elməddin Ağayev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin rəisi Vüsal Həsənov, YAP Suraxanı Rayon Təşkilatı aparatının əməkdaşı, Gənclər Birliyinin üzvü Ənvər Haqverdiyev çıxış ediblər.
Sonda məktəblilərin hazırladığı bədii hissə təqdim olunub.