ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Amerikalı seysmoloqların birgə həyata keçirdiyi “Qafqaz kəsilişi” layihəsi ilə bağlı müzakirələr aparılıb. Layihə çərçivəsində Bakıya səfər etdiyini bildirən E.Sandvol 3 rayonda - Neftçala, Hacıqabul, Göyçayda quraşdırılmış stansiyalarda məlumatların toplandığını deyib. İsmayıllı və Quba rayonlarına da səfər edəcəyini bildirən qonaq aprelin 17-nə qədər məlumatların toplanmasının davam etdiriləcəyini bildirib.
ABŞ və Azərbaycan seysmoloqlarının birgə əməkdaşlığının müsbət töhfə verdiyini deyən Q.Yetirmişli aparılan tədqiqatların, Qafqazda seysmik işlərin nəticələrinin ümumilikdə seysmologiya elmi üçün əhəmiyyətli olacağını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.