Yol-nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq Abşeron rayonu ərazisində insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü rayon polis idarəsinin və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 6-da Abşeron rayonunun Xırdalan şəhərində, Həsən Əliyev küçəsində naməlum avtomobilin sürücüsü yolun kənarı ilə hərəkət edən piyadanı - 1987-ci il təvəllüdlü Faiq Həsənovu vuraraq hadisə yerindən qaçıb. F.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Aparılmış istintaqla hadisənin Müşfiq Həsənov tərəfindən “Hyundai Elantra” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Aprelin 9-da M.Həsənova Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.