Valyuta məzənnəsi

Vüqar Səfərlinin qanunsuzluqları

Tarix:20-05-2020, 15:16

Vüqar Səfərlinin qanunsuzluqları

Son zamanlar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli haqqında gedən söhbətlər səngimək bilmir. Belə ki, Vüqar Səfərli işlədiyi müddətdə bir çox mətbuat orqanlarına zərbə vurub. Hətta bir çox qəzetlərin bağlanması üçün çirkin əməllərə də əl atıb. Obyektiv yazan jurnalistlərə qarşı təzyiqlər etməsi də onun əsas çirkin işlərindən biri idi. Bu şəxs bir çox mətbuat orqanlarını çökdürməyə çalışırdı. Özünə yaxın olan kütləvi informasiya vasitələrini maliyələşdirməyə səy göstərirdi.
V.Səfərlinin atdığı çirkin addımlar hətta “Yeni Azərbaycan naminə” qəzetindən də yan keçməyib. Belə ki, baş redaktoru olduğum qəzetdə yer alan "KİV-ə ayrılan vəsaitlər hara xərclənir?" başlıqlı məqaləyə görə məni otağına dəvət edərək bildirdi ki, sizin qəzetə maliyyə dəstəyi verilməyəcək. Söhbət əsnasında məni tənqid etməyə çalışdı və qəzeti bağlatdıracağını bildirdi. Mən isə öz növbəmdə, bu qəzetin Ümummilli Liderimiz Heydər Əliyevin ruhunun əbədiləşdirilməsi üçün təsis edildiyini onun nəzərinə çatdırdım və qəzetin bağlanmasına heç vaxt yol verməyəcəyimi bildirdim. Bu məsələdən sonra V.Səfərlinin mənə qarşı ögey münasibəti hiss olunmağa başladı. “Yeni Azərbaycan naminə” qəzeti fəaliyyət göstərsə də, sabiq icraçı direktor hər dəfə bizə maliyyə dəstəyi ayırmaqdan imtina edirdi. V.Səfərlinin mənə ögey münasibət göstərməsi 2018-ci ildə jurnalistlər üçün inşa edilən mənzillərin paylanmasında özünü bir daha biruzə verdi. Həmin zaman mən bu şəxslə görüşəndə, o, hətta məni qəbul etmək istəmədiyini açıqca bildirdi. Mən isə ona öz iradımı bildirərək fondun ofisini tərk etdim.
Onu da qeyd edim ki, V.Səfərlinin qanunsuzluqları ilə əlaqədar müxtəlif illərdə bir neçə məqalə yazmışam. Bu şəxs əsl korrupsionerdi və bəzi qəzetlərə rüşvət əsasında maliyyə yardımı ayırırdı. Jurnalistlər üçün inşa edilən mənzilləri istədikləri şəxsə verilməsi üçün addımlar atırdı. Jurnalistikada az xidməti olan, lakin özünə yaxın olan şəxslərə də mənzil verilməsində səy göstərirdi.
21 il jurnalistika ilə məşğul olmağıma baxmayaraq, V.Səfərlinin mənə qarşı atdığı addımlar mənzilsiz qalmağıma səbəb oldu. V.Səfərli mənim kimi bir çox peşəkar jurnalistlərə qarşı haqsız mövqe tutub. Nəticədə bir çox obyektiv KİV-ləri sıradan çıxarıb. Bu şəxs yalnız öz əhatəsində olan KİV-lərə maliyyə dəstəyi verib. Hesab edirəm ki, V.Səfərlinin bütün əməlləri araşdırılmalı, etdiyi qanunsuz əməllərinə görə dövlət qarşısında cavab verməlidir.
Sonda onu da qeyd edim ki, Vüqar Səfərlinin əməllərindən zərər çəkmiş peşəkar media nümayəndələrinə jurnalistlər üçün inşa edilən yeni binada mənzillərlə təmin olunmasına səy göstərilməlidir.


Ramazan Bağırov,
Politoloq
Oxunub: 540



XƏBƏR LENTİ