Valyuta məzənnəsi

İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub

Tarix:5-05-2022, 19:54

İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub

Bu gün Azərbaycanın istiqlal şairi, tanınmış vətənpərvər ictimai xadim, türk dünyasının görkəmli şəxsiyyəti Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar Ankarada anım mərasimi olub.

Ankara Etimesgut rayonu Türk Tarix Muzeyində baş tutan tədbirdə Etimeskut bələdiyyə sədri Ənvər Dəmirəl, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycanlı millət vəkili Əziz Əlkəbərov çıxış edərək şairin keçdiyi həyat yolundan danışıblar.

Əhməd Cavadın 104 il öncə Azərbaycanın müstəqilliyinin qazanılmasında ən mübariz aydınlarımızdan biri olduğu qeyd edilməklə yanaşı, onun türk dünyasının ortaq dəyəri olaraq göstərdiyi xidmətlərdən bəhs edilib.

Tədbirdə Əhməd Cavad haqqında sənədli film nümayiş etdirilib, Ankara Universitetində təhsil alan azərbaycanlı tələbə Elmira Qoca şairin “Türk övladıyam” şeirini səsləndirib.

Mərasimdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları və Əhməd Cavadın oğlu Yılmaz Axundzadənin nəvəsi Mehin-banu Quliyeva və atası Nicat Quliyev də iştirak ediblər.

Sonra Türk Tarixi Muzeyinin ərazisindəki parkda Əhməd Cavadın heykəlinin açılışı olub. Parkda Türk dünyasının önəmli xidmətləri olan 200-dən çox tarixi şəxsiyyətlərin abidələri və kompozisiyalar arasında Əhməd Cavadın da əzəmətli heykəli yer alıb.

Qeyd edək ki, Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd ilk təhsilini mollaxanada alır. Sonra ailə Gəncəyə köçür. O, buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında təhsilini davam etdirir.

Şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissəsi" sıralarına qatılır. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi gedişində Türkiyənin şərq cəbhəsindəki döyüşləri Sarıqamış uğursuzluğu ilə nəticələnir.

Ölkənin rus ordusunun işğalı altında olan Qars və Ərzurum əhalisi rus və erməni dəstələri tərəfindən qırğına məruz qalır.

Bakıda yerləşən "Azərbaycan xeyriyyə cəmiyyəti" Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım edir. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışır.

Qardaş xalqın ağır günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə "Nə gördümsə" şeirində dilə gətirir.

O, tarixi şeiri 1915-ci il martın 22-də yazır. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad "Qara dəniz" şeirini yazıb və böyük ümidlərlə yaşayıb.

Əhməd Cavadın "Çırpınırdın, Qara dəniz" şeirinin sözlərinə yazılmış mahnı (musiqisi Üzeyir Hacıbəylinindir) türk dünyasının ən məşhur azadlıq və mübarizə himninə çevrilərək dillər əzbəri olub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini - "Azərbaycan marşı"nı yazır. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ay Əhməd Cavadın 130 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub
İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub
İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub
İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub
İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub
İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub
İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub
İstiqlal şairimiz Əhməd Cavadın Ankarada ucaldılan heykəlinin açılışı olub



Sevil Hilalqızı Ünal

Oxunub: 286



XƏBƏR LENTİ