Valyuta məzənnəsi

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibini Ermənistana xüsusi missiya göndərməyə çağırıb

Tarix:3-08-2023, 11:56

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayınması, qayıdış hüququnu inkar etməsi və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat vermiş və Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir etməyə, qayıdış prosesinə yardım etmək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırmışdır.

Məktubda aşağıdakıları bildirilir:

"Zati-aliləri,

Qərbi Azərbaycan İcması tərəfindən Zati-alinizəünvanlanmış 7 aprel 2023-cü il tarixli məktubda da nəzərinizə çatdırıldığı kimi, Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə geri qayıtması çağırışının davamı olaraq son dərəcə vacib bir məsələ ilə bağlı Zati-alinizə bu məktubu yazırıq.

İcma, Ermənistan hökuməti tərəfindən böyük əzab-əziyyətlərə məruz qalmasına baxmayaraq, uzun müddətdir davam edən bu problemin sülh yolu ilə həllinə nail olmaq üçün barışıq, dialoq və anlaşmaya sarsılmaz sadiqlik nümayiş etdirir. Biz 11 mart 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyana yazılı müraciət ünvanlayaraq onu bizimlə xoş məramla dialoqa başlamağa və Ermənistanın azərbaycanlıları öz evlərindən qovaraq onları onilliklər boyu məruz qoyduğu ədalətsizliyi aradan qaldırmağa çağırdıq. Ermənistanın Baş nazirinə ünvanladığımız məktubun surəti bu məktuba əlavə olunur.

Bununla belə, təəssüflə bildiririk ki, Ermənistan hökuməti İcmanın dialoq çağırışına cavab verməyib. Ermənistan hökuməti nəinki bizim dialoq çağırışımız qarşısında susqunluq nümayiş etdirir, həm də bizim dədə-baba torpaqlarımıza qayıtmağa hüququmuz təkəbbürlə inkar edərək didərgin salınmış icmamızın iztirablarını daha da artırır.

Üstəlik, Ermənistan Azərbaycanda yaşayan etnik ermənilər arasında separatçılıq meyllərini təhrik etməyə və qızışdırmağa davam edir, Azərbaycan hökumətinin onların reinteqrasiyası istiqamətində səylərini sabotaj etməyə yönəlmiş addımlar atır. Ermənistanın bu hərəkətləri regionda sülh və barışıq əldə etmək perspektivlərini sarsıdır.

Birləşmiş Millətlər Təşkilatının üzvü kimi Ermənistanın insan hüquqları sahəsində konkret öhdəlikləri var. Ermənistan Qərbi Azərbaycan İcmasının haqlı tələblərini yerinə yetirməli, yurd-yuvamıza qayıdışımız məsələsinin tezliklə öz həllini tapması üçün bizimlə konstruktiv müzakirələrə qoşulmalıdır.

Separatçı meyllər və silahlı təcavüzün tüğyan etdiyi bölgəmizdə İcmanın dialoqa sadiqliyi və beynəlxalq hüquqa hörməti ruhlandırıcı nümunə kimi alqışlanmalıdır. Qərbi Azərbaycan İcmasının mövqeyi təqdirə və dəstəyə layiqdir, çünki o, qayıdış hüququ üçün mübarizəsində sülh, barışıq və ləyaqət kimi dəyərləri, eləcə də dövlətlərin ərazi bütövlüyünə hörməti əsas tutmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ermənistan hökumətinin İcmanın insan hüquqları, sülh və reinteqrasiyaya əsaslanan dialoq çağırışına yubanmadan cavab verməsini təmin etmək məqsədilə Zati-alinizinxoşməramlı səylərinə və diplomatik nüfuzuna səmimiyyətlə müraciət edirik. Biz dinc və yanaşı yaşamanın vacibliyini vurğulayaraq, Ermənistanın beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməsini və beləliklə bizim təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmaq hüququmuzu təmin etməsini gözləyirik.

Bundan əlavə, BMT-dən xahiş edirik ki, Ermənistanı Azərbaycan hökumətinin Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası üzrə səylərini sabotaj etmək məqsədi daşıyan təxribatlardan çəkindirmək üçün lazımi tədbirlər görsün.

Biz həmçinin bu fürsətdən istifadə edərək, Zati-alinizdən İcmanın əvvəlki məktubunda xahiş edildiyi kimi, qovulmuş azərbaycanlıların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə Ermənistana geri qaytarılmasına kömək etmək, habelə azərbaycanlıların qayıdacaqları ərazilərin bərpasına və yenidən qurulmasına yardım etmək və barışığı dəstəkləmək üçün Ermənistana BMT-nin idarələrarası missiyasının göndərilməsi kimi konkret addımların atılmasına dair bir daha çağırış edirik.

Bundan əlavə, Zati-alinizdən xahiş edirik ki, BMT-nin Azərbaycandakı nümayəndəsinə sülh və insan hüquqları gündəmimizə aid məsələlərlə bağlı icmamızla dialoqa başlamaq barədə göstəriş verəsiniz.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışdığınız müddətdə qaçqınların üzləşdiyi çətinliklərləbağlı əldə etmiş olduğunuz şəxsi biliklərinizə müraciət edirik. Biz Ermənistandan zorla qovulmuş azərbaycanlıların iztirablarının və onların geri qayıtmaq hüququnun həllində Sizin həmrəyliyinizə və məsələyə dərin anlayışınıza bel bağlayırıq.

Biz ümid edirik ki, Sizin hörmətli rəhbərliyiniz altında Birləşmiş Millətlər Təşkilatı Qərbi Azərbaycan İcmasının haqq işinə kömək edəcək və uzun müddətdir davam edən bu problemin həllində bizim dinc dialoq təşəbbüsümüzün tərəfdarı olacaq.”


 
Oxunub: 84



XƏBƏR LENTİ