Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimov, Məhəmməd Qafarov və Vaqif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Qafarovun vəkili vəsatət qaldırıb.
O, müvəkkilinin səhhətində ciddi problem olduğu üçün barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib. M.Qafarov məhkəmə zalından azadlığa buraxılıb.
Növbəti iclas martın 1-nə təyin edilib.
Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.
O, bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.
Dələduzluqda təqsirləndirilən T.Səlimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən eyni əmələ görə həbs edilib.
O, bu dəfə dələduzluqda M.Qafarov və V.Əliyevlə birgə ittiham edilir.
Oxunub: 273