İngiltərənin "Arsenal" klubu Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının final matçında iştirakı üçün Azərbaycana viza müraciətini onun özü ilə məsləhətləşmədən sonra edəcək.
Bu, London təmsilçisi həlledici görüşə vəsiqə qazanacağı təqdirdə baş verəcək.
Bildirilir ki, 30 yaşlı yarımmüdafiəçi əvvəllər həm "Qəbələ", həm də "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin oyunları ilə əlaqədar Bakıya səfər etməməyi üstün tutub. Bu, Mxitaryanın həm 2015-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış etdiyi dövrə, həm də hazırkı klubunda ötən ilə təsadüf edib. Hazırda Avropa Liqasında mübarizəni davam etdirən "Arsenal" İtaliya "Napoli"sini 1/4 final mərhələsinin ilk oyununda məğlubiyyətə uğradıb - 2:0. Cavab görüşü aprelin 18-də Neapolda keçiriləcək.
"Topçular" yarımfinala yüksələcəyi təqdirdə, böyük ehtimalla "Valensiya"ya rəqib olacaq. Çünki "yarasalar" "Vilyarreal" komandası ilə ilk görüşdə 3:1 hesablı səfər qələbəsinə imza atıb. Yarımfinal görüşləri mayın 2-də və 9-da keçiriləcək.
UEFA-dan isə bildirilib ki, Mxitaryana qrup mərhələsinin oyunlarında olduğu kimi, yenə viza alınmasında kömək təklif olunacaq. Ötənilki matçda oyunçusunun təhlükəsizliyini əsas tutaraq, erməni legionerini Bakıya gətirməyən "Arsenal" bu dəfə fərqli mövqe ortaya qoyub: "Biz vəziyyəti öyrənəcək, oyunçu ilə danışacaq və bundan sonra qərar verəcəyik".
Qeyd edək ki, Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. ("Report")