İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "İxrac strategiyası" mövzusunda maarifləndirici seminar keçirilib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində köklü islahat tədbirlərinin həyata keçirildiyini deyib. Qeyd edib ki, belə təlimlərin mütəmadi keçirilməsində məqsəd ixracatçı sahibkarlara ölkədə aparılan iqtisadi islahatlar, ixrac prosedurlarında olan yeniliklər haqqında, o cümlədən, yerli məhsulların xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması və sadələşdirilməsi barədə məlumat verməkdir.
Təlim zamanı ticarətlə məşğul olmaq istəyən sahibkarlara ixrac strategiyasının çərçivələri, ixrac ölkələrində doğru seçim qaydaları izah edilərək, beynəlxalq ticarətin ölkəmiz üçün əhəmiyyəti, ixraca təsir edən amillər, ixrac strategiyalarının seçimi, ixrac üçün planlaşdırılan məhsulların seçimi zamanı əsas tələblər, markaların standartlara uyğunlaşdırılması, görüntü və qablaşdırma, ixrac zamanı markaların adaptasiyası, təbliğat-təşviqat, marketinq kommunikasiyaları mövzularında geniş müzakirələr aparılıb.
Seminar "Azərsun Holdinq" İnnovasiya və Marketinq departamentinin rəhbəri Ellada Əliyeva tərəfindən aparılıb. Departament rəhbəri deyib ki, bütün sahələrdə baş verən dinamik dəyişikliklər dünya iqtisadiyyatından da yan keçməyib və ona görə də hər bir şirkət öz üzərində bu dəyişimi hiss etməli, buna görə hərəkət etməlidir. Düzgün, vaxtlı-vaxtında qurulan ixrac strategiyaları, ixrac arsenalının genişlənməsi və ixrac olunacaq potensial ölkələrin standart tələblərinə uyğunlaşan, bu istiqamətdə çalışıb yaradılan məhsul portfelləri, məqsədyönümlü qurulmuş təbliğat-təşviqat fəaliyyəti qeyd edilən məqsədlərə çatmaq üçün atılan ən önəmli addımlardandır.
Təqdimatdan sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi Prezident İlham Əliyevin 2017-ci il 23 fevral tarixli "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən yaradılıb.
Oxunub: 255