Məlum olduğu kimi, 2020-ci ilin dövlət büdcəsinin xərcləri 26913,7 milyon manat məbləğində proqnozlaşdırılmaqla, 2019-cu ilə dair anoloji göstəricidən 1723,7 milyon manat və ya 6,8% çoxdur. Ümumiyyətlə, 2020-ci ilin dövlət büdcəsi bütün əvvəlki illərdəkilərdən fərqli olaraq, ən böyük həcmdədir. Və buna da əsas səbəb sosial xərclərdir. Belə ki, gələn il sosial xərclər indiyədək heç bir ildə olmadığı qədər yüksək səviyyədə təşkil edəcək.
Bunun 2 səbəbi var. Birincisi, başa çatmaqda olan bu ilin mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra olunmağa başlanıb. Minimum əməkhaqqı 1 ildə 2 dəfə artırılaraq, 130 manatdan 250 manata, minimum pensiya məbləği 72% artırılaraq, 116 manatdan 200 manata çatdırılıb.
Paralel olaraq, dövlət büdcəsindən maliyyələşdirilən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya vəsu təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti vəfaydalı qazıntılar, nəqliyyat vərabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçilərin də aylıq əməkhaqqları dövlət başçısının müvafiq sərəncamları ilə orta hesabla artırılıb. Beləliklə də, bütövlükdə cəmi 1 il ərzində dövriyyəyə 4,2 milyon nəfəri əhatə edən maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, gələcək üçün artıq xərc vəsaitinin qarşılanması tələbi ortaya atılıb.
İkincisi isə, 2020-ci ildə qarşıya bu tələbi ödəmək vəzifə qoyulmaqla yanaşı, bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması da nəzərdə tutulur ki, nəticədə 2019-cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəm olaraq 4,0 milyard manatadək əlavə vəsait nəzərdə tutmaq məcburiyyəti yaranıb.
Bütün bunlar nəzərə alınaraq, 2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 10373,7 milyon manat proqnozlaşdırılmaqla, 2019-cu ildəkindən fərqli olaraq, 2605,8 milyon manat və ya 33,5% çox müəyyən edilib. Ümumiyyətlə, gələn il sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5% təşkil edəcək ki, bu da 2019-cu illdəki ilə müqayisədə 7,7% çox olacaq.
Bəs, 2020-ci ildə sosial istiqamətdə, başqa sözlə desəm, əməkhaqqı, pensiya və digər ödənişlərdə əlavə artımlar gözlənilirmi? Doğrudanmı, maaşlar və pensiyalar bir daha artacaq? Yoxsa, gələn il ərzində heç bir dəfə də olsa, növbəti sosial paket həyata keçirilməyəcək? 2020-ci ildə 2019-cu ildə atılan addımların heç olmasa birinin də varsa, şahidi olacağıqmı?
Bəli. Ən azı, pensiyalar artırılacaq. Belə ki, əmək pensiyalarının ildə 1 dəfə indeksasiyası həyata keçirilir ki, bu, ənənəvi xarakter daşıyır. Yəni, əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinin artım tempinə uyğun olaraq 2020-ci ilin yanvarın 1-dən əmək pensiyalarının sığorta hissəsi artırılacaq. Xatırladım ki, əmək pensiyalarında artımla bağlı mexanizm belədir ki, mövcud məbləğlər ildə bir dəfə olmaqla ölkə üzrə əvvəl, istehlak qiymətləri indeksinin 1 il əvvəlki artım səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılırdısa keçən ildən bu, məhz il ərzində orta aylıq əməkhaqqı göstəricisinin artım göstəricisinə görə edilir.
Yeri gəlmişkən, bu il ölkə üzrə orta aylıq əmək haqqı göstəricisində ilkin olaraq təqribən 14-15% artım olduğu nəzərə çarpır ki, buna dair daha dəqiq rəqəm ilin sonunda məlum olacaq. Bu isə o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün əmək pensiyaçıların pensiyaları azı bu məbləğdə indeksləşdiriləcək. Yəni, pensiya artımı son olaraq, yalnız cari ilin oktyabr ayında olan artımla yekunlaşmayacaq. Və gələn il daha çox məbləğdə pensiya alanların aylıq pensiya məbləğlərində daha çox artım qeydə alınacaq.
Büdcə təşkilatlarında çalışanların maaşlarına gəldikdə isə bəli, növbəti ildə də müəyyən artımlar həyata keçirmək nəzərdə tutulur. Ancaq bu, birinci növbədə xarici iqtisadi şəraitin təsir gücündən, ikincisi isə, ölkədə aparılan iqtisadi və struktur islahatlarının, xüsusən də kölgə iqtisadiyyatına qarşı mübarizənin nəticələrindən asılıdır.
2020-ci ilin dövlət büdcəsində neftin dünya bazar qiymətinin 55 ABŞ dolları səviyyəsində götürülməsi nöqteyi-nəzərindən hesab edirəm, növbəti il ərzində xarici iqtisadi şəraitin təsir gücündən heç bir təklükə gözlənilmir. Belə ki, vəziyyət ən azı ötən və bu ilki qədər stabil olacaq. Çünki neftin qiyməti 55 və ya 50 dollara qədər düşən deyil. Ən azı 2021-ci ilədək.
Kölgə iqtisadiyyatına qarşı mübarizəyə gəldikdə isə xırdalığa varmadan qeyd edim ki, ümumiyyətlə, dövlət büdcəsinin xərclərində sosial yönümlüyü artırmaqdan və gücləndirməkdən söhbət gedirsə mütləq, qeyri-neft sektoru inkişaf etməlidir. Başqa sözlə desəm, dövlət büdcəsi gəlirlərində iqtisadiyyatın qeyri-neft sektorunun payı yüksək həddə çatmalıdır ki, sosial ödənişlərin maliyyələşdirilməsində dayanıqlıq olsun. Bu, olduqca mühüm şərt və tələb sayılır.
Düzdür, qeyri-neft sektorunun inkişafı ilə bağlı, onun dövlət büdcəsi gəlirlərində payını artırmaq sahəsində son illər ərzində çox işlər görülüb və görülür. Və bunun nəticəsi olaraq da, qeyd olunan sektordan gəlirlər tədricən, artmaqdadır. Ancaq bu, yavaş templə baş verməkdədir, o səbəbdən ki, iqtisadiyyatın qeyri-neft sektoru qısa zaman ərzində arzuolunan səviyyədə inkişaf tempi nümayiş etdirə bilməz. Bunun üçün müəyyən zaman lazımdır.
Yeri gəlmişkən, ötən şərhimdə də qeyd etdim ki, dövlət başçımız istər oktyabrın 15-də yanında keçirdiyi iqtisadi müşavirədə, istərsə də hökumətdə etdiyi kadr dəyişiklikləri ilə əlaqədar qəbul etdiyi şəxslərlə söhbət zamanı qeyri-neft sektorunun bu gün ölkə iqtisadiyyatının lokomotivi rolunda hələlik çıxış etmədiyini qeyd etdi. Bunu ixracın strukturu da sübut edir.
Belə ki, ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində ixracımızın 75,79%-i xam neft və bitumlu minerallardan alınan neft məhsulları, 12,18%-i təbii qaz, 2,33%-i isə digər neft məhsulları təşkil edib ki, ötən ilin eyni aylarında isə bu rəqəmlər uyğun olaraq 81,18%, 7,2% və 2,98% olmuşdu. Odur ki, Prezident haqlı olaraq bildirmişdi ki, əsas vəzifə qeyri-neft sektorunu inkişaf etdirmək, məşğulluğu artırmaqdan ibarətdir. Gələn ilin dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla, payını 43%-ə çatdıracaq ki, hesab edirəm, ölkə əhalisinin sosial müdafiəsinin təşkilində qeyri-neft sektorundan əldə edilən gəlirlərə tam şəkildə əsaslanmaq və yaxud arxalanmaq o vaxt mümkün olacaq ki, onun ÜDM istehsalı strukturunda payı 80%-dən, dövlət büdcəsi gəlirlərinin tərkibində isə 60 %-dən yuxarı təşkil etsin. Bunun üçün isə qeyri-neft məhsulları ixracı da bu günki 1/10 hissədən heç olmasa 4/10 hissəyə qədər genişlənməlidir.
Sözün qısası, gələn il üçün, yəni 2020-cil ərzində dövlət büdcəmizin sosial yönümlüyünün əvvəlki illərə nisbətən artması səbəbini bacardıqca izah etdim. Gələn il dövlət büdcəsi xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 38,5% təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 7,7 %-bənd çoxdur. Son 5 ildə, yəni 2016-cı illə müqayisədə 2020-ci ildə sosialyönlü xərclər 1.7 dəfə, büdcə xərclərinin tərkibində isə xüsusi çəkisi 3,4 %-bənd artıb. Qeyri-neft sektoru tələb olunan səviyyəyədək inkişaf etməyənə kimi, büdcədən sosialyönümlü xərclərin artması dinamikasının dayanıqlığına güvənmək qətiyyən olmaz.
Azvision.az