Azərbaycan Maliyyə Nazirliyi 2020-ci il üçün dövlət büdcəsinin layihəsini açıqlayıb. Burada neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində hesablanıb. 2019-cu ilin dövlət büdcəsində bir barrelin qiyməti 60 dollar səviyyəsində idi. Nazirliyin açıqladığı ilkin parametrlərdən aydın olur ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat olacaq ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316,0 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536,5 milyon manat) 43 faiz, neft gəlirləri (13 milyard 947,5 milyon manat) isə 57 faiz olacaq. Neft gəlirlərinin 11 milyard 767,5 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edəcək. 2019-cu ildə Neft Fondundan büdcəyə transfertin həcmi 11 milyard 364 milyon 300 min manat proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, 2020-ci ildə fonddan büdcəyə transfert bu ilə nisbətən 403 milyon manat və ya 3,55 faiz çox olacaq. Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirlərinin, cari ilə nisbətən 1 milyard 68,8 milyon manat və ya 11,3 faiz çox olacağı proqnozlaşdırılır.
Gələn ilin büdcəsində neftin qiymətinin 55 dollar nərədə tutulması nə qədər məqbuldur? Gələn il dünya bazarında niftin qiyməti ilə bağlı proqnozlar necədir? Ümumiyyətlə, qiymətinin neçə dollara qədər enməsi büdcə üçün riskli sayıla bilər? Bu sualları ekspertlər cavablandırdı.
İqtisadçı Vüqar Bayramov neftin qiymətinin 55 dollar götürülməsinin, büdcədə neftin payının 2019-cu illə müqayisədə bir qədər azaldacağını və bu prosesin davamlı olmasının vacibliyini qeyd etdi: "Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsinin xülasəsini ictimaiyyətə təqdim edib. Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bu, 2019-cu illə müqayisədə hər bareldə 5 dollar az olsa belə, neft bazarındakı volatilliyi nəzərə alsaq, qiymətin daha aşağı götürülməsi məqsədəuyğun idi. İqtisadi və Sosial İnkişaf Mərkəzi neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi. Baxmayaraq ki, Azərbaycan neftinin dünya bazarında qiyməti 55 dollardan yüksəkdir, amma bütün hallarda, büdcədəki qiymət imkan verməlidir ki, Azərbaycan həm də valyuta yığımlarındakı artım tempini qoruyub saxlaya bilsin. Hətta 55 dollar olacağı halda, yalnız fiskal olaraq vəsaitlərin büdcəyə cəlb edilməsinin tərəfdarı deyilik. Ona görə də, neftin bazar qiymətinin 55 yox, 50 dollar götürülməsinin tərəfdarıyıq. Amma bütün hallarda, 2019-cu illə müqayisədə neftin qiymətinin aşağı götürülməsini müsbət hesab edirik. Çünki bu, büdcənin neftdən asılılığının aradan qaldırılması üçün vacib məqamlardan biridir. Nəticə etibarı ilə büdcədə qeyri neft sektorunun payının artırılması ilə bağlı daha çox fəaliyyətlərin həyata keçirilməsi üçün bir zəmin formalaşdırır. 55 dollar mövcud vəziyyətdə böyük risk yaratmır. Dövlət büdcəsi hələ ki, müzakirə mərhələsindədir. Yaxşı olardı ki, neftin qiymətinə yenidən baxılsın və 5 dollar da aşağı endirilsin. Çünki bu, risklərin sığortalanması baxımından olduqca vacibdir. 55 dollar götürülməsi, büdcədə neftin payının 2019-cu illə müqayisədə bir qədər azalmasına gətirib çıxardır. Bu prosesin davamlı olması vacibdir”.
Millət vəkili Azər Badamov bildirdi ki, neftin qiyməti 55 dollardan aşağı olsa belə, bizim üçün təhlükə yoxdur: "Keçən il dövlət büdcəsində neftin qiyməti 60 dollar nəzərdə tutulmuşdu. Həmin dövrdə dünya bazarlarında neftin qiymətində olan sabitlik və aşağı düşmə risklərinin az olması, 2019-cu ildə ölkə iqtisadiyyatına öz töhfəsini verdi. Amma 2019-cu ilin ikinci yarısından dünya bazarlarında neftin qiymətində müəyyən dəyişiklik müşahidə edildi. Yəni siyasi meydanlarda baş verən hadisələr dünya iqtisadiyyatını idarə edən neftin qiymətində enmə-qalxmalara gətirib çıxartdı. 2020-ci ilin dövlət büdcəsini hesablayarkən müvafiq qurumlar dünya bazarlarında neftin qarşılaşacağı riskləri nəzərə alaraq, 1 barrelin qiymətini 55 dollar müəyyən etdilər. Dünya bazarlarında neftin qiymətinin 55 dollardan aşağı enmə ehtimalı yoxdur. Ancaq ola bilsin ki, qiymətdə artım olsun. Hazırda qəbul edilən qiymət, yəni 55 dollar bizim üçün məqbuldur. Lap 55 dollardan aşağı olsa belə, bizim iqtisadiyyatımız üçün heç bir təhlükə yoxdur”.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabanınsözlərinə görə, sentyabr ayından başlayaraq beynəlxalq enerji agentlikləri, maliyyə institutları neftin qiymətini 62-63 dollar proqnoz edib. Azərbaycanda isə neftin 1 barrelinin 55 dollar götürülməsi özünü sığortalamaq deməkdir: "Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilir ki, neftin qiyməti 55 dollardan daha aşağı, yəni 50 dollara düşsə belə, bu, büdcə üçün təhlükə hesab edilmir. Ona görə ki, büdcəyə transferlər, əsasən Neft Fondundan gəlir. Bu, dünya bazarında neftin hansı qiymətdə olmasından asılı deyil. Yəni dünya bazarında neftin qiyməti 20 dollar olsa belə, Neft Fondunda vəsait var. Hazırda fondda olan 42 milyard vəsaitdən 11 milyarddan çoxunun dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulub. Bu da büdcə gəlirlərinin 50%-dir. Ümumilikdə isə büdcəyə neftdən daxil olmalar 57% hesablanıb. Neftin qiyməti 1 dollar olması belə, dövlət büdcəsi üçün böyük təhlükə deyil”. //kaspi.az//