Valyuta məzənnəsi

Gizir Babək Həmidov: Aprel döyüşlərində düşmən ordumuzun rəşadəti qarşısında duruş gətirə bilmədi

Tarix:6-04-2019, 14:20

Gizir Babək Həmidov: Aprel döyüşlərində düşmən ordumuzun rəşadəti qarşısında duruş gətirə bilmədiAprel döyüşlərində şanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinə heç vaxt unutmayacağı dərs verdi. Düşmən həmin döyüşlərədək uzun müddət cəbhəboyu zonadakı yaşayış məntəqələrini, dinc əhalini fasiləsiz atəşə tuturdu. Düşmənin növbəti təxribatı ordumuzun sürətli əks-həmlə əməliyyatı ilə alt-üst edildi. Ermənistan ordusunun əsgər və zabitləri rəşadətli Azərbaycan Ordusunun sürətli əks-hücumu qarşısında duruş gətirə bilmədi.

Bunu Aprel döyüşlərinin iştirakçısı gizir Babək Həmidov AZƏRTAC-a açıqlamasında deyib.

Döyüşlərlə bağlı təəssüratlarını bölüşən gizir bildirib: “Əsgərlərimiz böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldı. Düşmənin əsgər və zabitləri öz postlarını qoyub sürətlə geri qaçırdılar. Çünki bu torpaqlar onların deyil. Əgər bu torpaqlar onların Vətəni olsaydı, onlar da bizim kimi həmin ərazilər uğrunda şəhid olmağa çalışardılar. Əsgərlərimizin qəhrəmanlığı erməniləri vahiməyə salmışdı. Biz son nəfəsimizə qədər döyüşmək əzmi ilə bu döyüşlərə atılanda yeganə hədəfimiz düşməni məhv etmək idi. Atılan güllələrin, mərmilərin, topların sayəsində göy üzü işığa qərq olmuşdu. Sanki qaranlıqdan əsər-əlamət yox idi. Təpə-təpə, keçid-keçid təmizlədiyimiz torpaqlardan sanki güc alırdıq. Uzun illər həsrətini çəkdiyimiz doğma torpaqlarımıza ayaq basanda duyduğumuz hissi ifadə etməyə söz tapa bilmirəm. Ağlımızda yalnız bir fikir var idi: irəli gedərək düşməni əzmək, torpaqlarımızı azad etmək. Lələtəpənin və bir neçə postun işğaldan azad olunmasında şəxsən mən də iştirak etdim. Aprelin 4-də axşam saatlarında sinə nahiyəmdən və ayağımdan qəlpə yarası aldım. Ən çox üzüldüyüm isə döyüşləri davam etdirə bilməməyim idi”.

Hərbi əməliyyatların davam etdiyi vaxt Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə gəlməsinin və Aprel döyüşlərinin iştirakçıları ilə görüşünün onlarda dərin iz buraxdığını deyən hərbçi deyib: “Ali Baş Komandanın hərbçilərlə görüşdə dediyi “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi” kəlamı şəxsi heyətdə unudulmaz əhval-ruhiyyə yaratdı, Azərbaycan əsgərinin əsas hədəfini bir daha önə çəkdi. Mən bu döyüşlərdə iştirakımla əlaqədar “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşam. Bu gün Aprel hadisələrini qürurla xatırlayırıq. Bütün dünya inamımızın, ümidimizin, mübarizliyimizin sarsılmazlığının şahidi oldu. Dörd gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu daha da canlandı. Xalqımızla ordumuz əsl birlik, vəhdət nümayiş etdirdi. Bütün bunlar isə işğal altındakı torpaqlarımızı tezliklə mənfur düşməndən azad edəcəyimizə qəti inam yaradır”, - deyə Babək Həmidov bildirib.

Oxunub: 196



XƏBƏR LENTİ