Valyuta məzənnəsi

Parlamentin yaz sessiyası öz işinə başladı

Tarix:1-02-2021, 20:00

Parlamentin yaz sessiyası öz işinə başladı


Bu gün 6-cı çağırış Milli Məclisin (MM) ikinci yaz-2021-ci il yaz sessiyası öz işinə başlayır.

YeniAN.info Etikxeber.az-ın xəbərinə istinadən məlumat verir ki, yaz sessiyasının ilk plenar iclası saat 11:00-da başlayacaq.

İclas, yaz sessiyası dövlət himninini səslənməsi və oxunması ilə öz işinə start verəcək.

Sonra spiker Sahibə Qafarovanın qısa giriş çıxışı olacaq.

Parlamentin yaz sessiyası öz işinə başladı

Daha sonra millət vəkilləri gündəlikdəki məsələlər, qanunvericilik işləri planı və qanun layihələri ilə bağlı fikirlərini səsləndirəcək, irad və təkliflərini bildirəcəklər.

Qeyd edək ki, yaz sessiyasının ilk iclasının gündəliyinə ilkin olaraq, 19 məsələ daxil edilib.

Gündəliyə daxil olan bəzi məsələlər bunlardır:

1.Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.

2.Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.

3.Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

4.Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

5.“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (birinci oxunuş).

10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

12. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

13. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

16. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

18. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

19. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Millət vəkilləri yenə tibbi maskalar və əlcəklərdən istifadə edəcək, sosial məsafəni gözləyəcəklər.

Bu sessiyada ümumilikdə 5 hesabat-Baş nazirin, Ombudsmanın, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun, Hesablama Palatasının və Bələdiyyələrlə İş Mərkəzinin hesabatları dinləniləcək.

Hökumətin hesabatı mart ayında, yaz sessiyasının 5-ci plenar iclasından gec olmayaraq, keçiriləcək.

Yaz sessiyası may ayının son günlərində keçiriləcək plenar iclasla öz işini yekunlaşdıracaq.

00:41

***


MM-in yaz sessiyası artıq öz işinə başlayıb.

Sessiya dövlət himninin səslənməsi və oxunması ilə öz işinə start verib.

11:00


Sonra spiker S.Qafarovanın qısa çıxışı olub.

Spiker bir daha 44 günlük İkinci Vətən Müharibəsindən, Qələbədən danışıb və Ali Baş Komandan başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edib,

O, eyni zamanda, yaz sessiyası ilə bağlı məlumat verib, qeyd edib ki, sessiyada bir sıra qanun layihələri, hesabatlar dinləniləcək.

“Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və müdrikliyi xalqımızı qələbədən qələbəyə aparır”
-deyən spiker bildirib ki, bu gün qürurla söyləyirik ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz ermənilər üzərinə qələbəyə nail olub.

“Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Prezidentin də dediyi kimi bu, müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Biz öz torpaqlarımıza qayıdırıq. Bu torpaqlarda əbədi yaşayacağıq”– deyə, spiker əlavə edib.

11:09

***

Parlamentin yaz sessiyası öz işinə başladı

“Bizim möhtəşəm qələbəmizdən sonra müharibənin ikinci mərhələsi başlayıb. Burada birincidən də daha həssas olmalıyıq”.

Bunu MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, erməni təxribatına artıq start verilib:

“Azərbaycanın diplomatik nümayəndələrinə hədələr, təhdidlər başlayıb. Səfirlər hədələnir. Burada biz çox diqqətli olmalıyıq. Tarixi yada salmalıyıq. Türkiyə səfirlərinin ASALA tərəfindən xaricdə güllələnməsi faktları mövcuddur. İndi bu təhdidlər Azərbaycan səfirlərinə qarşı da var”.

Deputat qeyd edib ki, sapı özümüzdən olan bəzi baltalar təbliğat məsələsində də səhvlərə yol verir:

“Məsələn, Türkiyənin Azərbaycana gəlməsi ilə bağlı. Digər tərəfdən, sərhədlərin dəqiqləşdirilməsi məsələsi var. Bizim ən böyük sərhədimiz Ermənistanladır. Hissə-hissə bu sərhədlərin müəyyənləşməsi prosesi baş verir. Bu məsələlərə xüsusilə diqqət etməliyik. Biz diaspor təşkilatlarının da səfirliklərin qorunmasında ciddi iştirak etməsinə çağırmalıyıq. Milli Məclis olaraq dostluq qruplarının üzvlərini də bu təhdidlərlə bağlı məlumatlandırmalıyıq”.

Parlamentin yaz sessiyası öz işinə başladı


“Möhtəşəm tarixi zəfər haqqında illərlə danışsaq, yenə də yetməz”-deyən MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı əmin olduğunu bildirib ki, qlobal təhlükə olan koronavirusla mübarizədə də qələbə qazanacağıq:

“Müharibənin ilk dövründə Prezident tərəfindən şəhid ailələrinə, qazilərə nə qədər diqqət göstərdiyinin şahidi olurduq. Bu diqqət hələ də davam edir. Qısa müddət ərzində “YAŞAT” Fondu yaradıldı. Balkanlarda hələ də müharibə iştirakçıları ilə bağlı problemlər qalmaqdadır. Bizdə isə bu problemlər qısa müddətdə həllini tapır. Bizə də müraciət edən müharibə iştirakçıları var. Onların da Qələbəmizdə böyük xidmətləri var. Ancaq onlardan işsiz olanları da var və onların problemləri də həll olunmalıdır”.

Deputat təklif edib ki, dövlət qurumları İkinci Vətən Müharibəsindən qayıtmış minlərlə işi olmayan hərbçini işlə təmin etsin:

“Xüsusilə, “Böyük qayıdış”da iştirak edəcək şirkətlər bu qələbənin iştirakçısı olan əsgərlərimizi işlə təmin edə bilər”.

11:40

***


Parlamentin yaz sessiyası öz işinə başladı

“Bu gün əsgər və zabitlərin maaşlarının azaldılması, yaxud qiymət artımı ilə bağlı xəbərlər tirajlanır. Bu xəbərlər ordumuzun böyük qələbəsi üzərinə kölgə salır”.

Bunu da çıxışında deputat Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, əsgər və zabitlərin maaşları məsələsinə çox diqqətlə yanaşılmalıdır:

“Yayılan xəbərlərlə bağlı hələ də əsaslı açıqlama verilməyib. Azərbaycan dövləti tarixdə heç vaxt bu qədər güclü olmayıb. Bu gün bizim əsgər və zabitlərimizin maaşlarının artırılmasına ehtiyac var. Buna bizim imkanlarımız da çatır. Nəzərə alaq ki, düşmən tərəfindən də bu tirajlanan xəbərlər izlənilir”.

11:50

***

“Bu il dövlət müstəqilliyimizin əldə olunmasının 30 illiyidir. Böyük zəfərimizdən sonra Azərbaycan cəmiyyəti böyük impuls əldə edib”
-deyən deputat Aydın Mirzəzadə bildirib ki, bu gün bütün dünya Azərbaycanı izləyir.

“Azərbaycanın bəzi bölgələrində işsizliyin sayının azaldılması üçün radikal tədbirlər görülməlidir. Təklif edirəm ki, həmin bölgələrdə yaşayanların vergi yükü azaldılsın”-deyə, deputat sonra bildirib.

12:17

***

“Parlamentin internet televiziyasını yaratmalıyıq”.


Bunu isə S.Novruzov növbəti çıxışında deyib.

Deputat bildirib ki, parlamentdə olan partiyaların nümayəndələrinin debatını həmin televiziyada təşkil etmək mümkündür:

“Milli Məclisin fəaliyyəti ilə bağlı qərəzli fikirlər söylənilir. Elə məsələlər var ki, Milli Məclisin səlahiyyətinə daxil olmasa da, bunu parlamentin adı ilə bağlamağa çalışırlar. Bu kimi halların qarşısını almaq üçün Milli Məclisin internet televiziyasını yarada bilərik. Bununla öyrədilmiş insanların böhtanının qarşısını ala bilərik”.

Deputat bildirib ki, yanvar ayına qədər hərbçilərin maaşı kəsilə bilməzdi:

“Burada problem yaranıb. Çünki bu məsələ müharibədən əvvəl öz həllini tapmış məsələdir. Yanvara qədər bu verildikdən sonra yeni dislokasiyaya ehtiyac yarana bilər. Ön cəbhədə olan hərbçi ilə Bakıda oturan hərbçi eyni maaşı ala bilməz. Bu, dünya təcrübəsində də belədir. Bizim qalib hərbçilərimiz təltif olunmalıdır. Verilən açıqlamada hansısa qanunun maddəsi ilə əlaqələndirməyə çalışdılar, bu, səhvdir. Bu, icra mexanizmidir”.

“Bu yaxınlarda İctimai TV-də “Parlament saatı” verilişi efirə gedəcək”.

Bunu da cavabında spiker S.Qafarova deyib.

Sədr bildirib ki, bu, keçən sessiyada olmalı idi:

“Ancaq mövcud şərait nəzərə alındı. Bu yaxınlarda parlamentlə bağlı veriliş efirə veriləcək. Parlamentin saytı da artıq yeniləndi. Bu, zamanın tələbi idi”.

YeniAN.info

Oxunub: 208



XƏBƏR LENTİ