Valyuta məzənnəsi

Çin 2019-cu ildə Dünya Ətraf Mühitin Mühafizəsi Günü tədbirlərinə ev sahibliyi edəcək

Tarix:18-03-2019, 15:38

Çin 2019-cu ildə Dünya Ətraf Mühitin Mühafizəsi Günü tədbirlərinə ev sahibliyi edəcək
Çin 2019-cu il iyunun 5-də Dünya Ətraf Mühitin Mühafizəsi Gününün qeyd olunmasına ev sahibliyi edəcək. Builki tədbirlərin mövzusu ətraf mühitin çirklənməsidir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə təşkilatın müvafiq sahə üzrə nazirlərin iştirakı ilə Nayrobidə keçirilən Baş Assambleyasının ətraf mühit üzrə tədbirində məlumat verilib.

Hər il ətraf mühitin çirklənməsi 7 milyon insanın ölümünə səbəb olur. Onlardan 4 milyonu Asiya-Sakit okean regionundadır. Dünya Ətraf Mühitin Mühafizəsi Günündə bərpaolunan enerjinin imkanlarının öyrənilməsi, şəhərlərdə və dünyanın bütün regionlarında havanın keyfiyyətinin yaxşılaşdırılması üçün “yaşıl” texnologiyalardan istifadə sahəsində səylərin birləşdirilməsi məqsədilə hökumətlərə, sənayeçilərə, cəmiyyətə və vətəndaşlara çağırış ediləcək.

Çin hökuməti Dünya Ətraf Mühitin Mühafizəsi Günü tədbirlərinin ölkənin bir neçə şəhərlərində təşkil olunması barədə öhdəlik götürüb. Əsas tədbirlər isə Çjetsyan əyalətinin Xançjou şəhərində keçiriləcək.

Ətraf mühit üzrə Baş Assambleya çərçivəsində aparılan danışıqların qida tullantılarının azaldılması, elektrik avtomobillərinin istehsalının artırılması kimi mühüm məsələlərə müsbət təsir edəcəyi gözlənilir. Çinin ev sahibi seçilməsi isə Pekində 20 il ərzində hava çirkliliyinə dair aparılmış monitorinqin nəticələrinə dair hesabatın dərc olunması ilə bağlıdır.

BMT Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun vəzifələrini icra edən Coys Msuyya deyib: “Çin 2019-cu ildə Dünya Ətraf Mühitin Mühafizəsi Gününün qeyd olunması üçün ən əlverişli ölkədir. Bu ölkə öz daxilində ətraf mühitin çirkləndirilməsinə qarşı tədbirlər görülməsi sahəsində liderlik nümayiş etdirib və hazırda bütün dünyanı daha çox səy göstərməyə çağırmaq imkanına malikdir. Hava çirkliliyi hamımıza təsir edən qlobal problemdir. İndi milyonlarla insanın həyatının xilas edilməsi uğrunda mübarizəyə Çin başçılıq edəcək”.

Çində inkişaf edən “yaşıl” energetika sektoru bu ölkənin iqlim dəyişməsi ilə mübarizə sahəsində açıq-aşkar liderlik nümayiş etdirməsinə şərait yaradıb. Dünyanın elektriklə işləyən nəqliyyat vasitələrinin yarısı və planetin elektrik avtobuslarının 99 faizi bu ölkədə istismar olunur. Dünya Ətraf Mühitin Mühafizəsi Gününün qeyd olunması Çin hökumətinə öz innovasiyalarını təqdim etməyə və təmiz ətraf mühitə doğru inkişaf yolunu göstərməyə imkan yaradacaq.

BMT-nin Asiya-Sakit okean regionunda hava çirkliliyi ilə bağlı hazırladığı yeni hesabata görə, 25 tədbirin həyata keçirilməsi karbon qazının emissiyasını 25 faiz, metanı 45 faiz azalda bilər ki, bu da öz növbəsində qlobal istiləşmənin qarşısını Selsinin üçdəbiri qədər almağa kömək edər.
Oxunub: 264



XƏBƏR LENTİ