Görkəmli tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M.C.Bağırov Siyasi Portret” kitabı işıq üzü görüb. Kitab M.C.Bağırovun Azərbaycan siyasi idarəsinin rəisi, AK(b)P və sonradan AKP MK-nın birinci katibi işlədiyi zaman respublikadakı ictimai-siyasi vəziyyətdən, onun apardığı siyasətdən, Stalin və Beriya ilə əlaqələrindən və onun həyatından bəhs edir.
Kitab arxiv materialları əsasında yazılıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllif bildirir ki, o,bu kitabı qələmə alarkən həm Bakıda, həm də Moskvada çox ciddi tədqiqatlar aparıb.
Kitabın müəllifi: Adıgözəl Məmmədov
Adıgözəl Məmmədov qeyd edir: “M.C. Bağırova qarşı qurulan tələsik, qeyri-obyektiv istintaq, o vaxtların ölçülərilə götürsək, şübhəsiz ki, sifarişli və olduqca siyasi idi. Ona görə ki, bu ittihamçılar və onların sifarişçilərinin böyük əksəriyyəti əslində özləri müxtəlif cinayətlər törədərək, günahsız insanları güllələnməyə məhkum etmişdilər. Stalinin dövrünə aid siyasi repressiya haqqında arxiv sənədlərini əldə etmək son dərəcədə çox çətindır. Lakin tarix göstərdi ki, onlar istəsələr də və çalışsalar da bu sirlərini gizli saxlaya bilmədilər. Bu kitab M.C.Bağırovun bütünlüklə olmasa da müəyyən mənada keçdiyi həyat yolunun böyük hissəsini özündə əks elətdirir. Kitabda M.C.Bağırovun Kremlin siyasi intriqalarında vəziyyətindən, Azərbaycana qarşı olan ittifaq səviyyəli erməni-siyasi elitası ilə mübarizəsindən və Cənubi Azərbaycanla bağlı fəaliyyətindən geniş bəhs olunur. Məni həmişə bir sual düşündürürdü: Görəsən o dövrdə Azərbaycanın siyasi rəhbərliyində M.C.Bağırovun əvəzinə başqa bir siyasi şəxs olsaydı xalqımızın və dövlətimizin taleyi necə ola bilərdi?
Hərçənd bu suala bir mənalı cavab vermək çətindir. Amma kitabı oxuduqca hadisələrin sənədli xronikası oxucunun subyektiv dünyagörüşünə əsaslanaraq tariximizin bu məqamlarına qiymət verməsinə imkan yaradır.
Ona görə də xüsusi qeyd etmək istəyirəm ki, müəllifi olduğum bu kitaba arxiv sənədləri əlavə kimi verilmişdir. Kitabda arxiv sənədlərinə əsaslanaraq, o, illərin təhlili aparılır və Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə tamamilə fərqli bir mövqedən yanaşma sərgilənilir".
YeniAN.az