Rusiyanın “Lukoil” şirkətinin Özbəkistan ofisinin vəzifəli şəxsi özbək fəhlələri “qoyun sürüsü” adlandırıb və onlardan “öz qışlaqlarına getməyi” tələb edib.
Virtualaz.org xəbər verir ki, bu barədə təhqir olunan fəhlələr “Azadlıq” radiosunun özbək xidmətinə müraciət ediblər və “Lukoil” vəzifəlisinin onları necə təhqir etdiyinə dair videonu da çatdırıblar. İnsident isə Qaşqadərya vilayətindəki “Carkuduk” qaz kompleksində baş verib.
Özbək fəhlələri təhqir edən şəxsin adı İvan Şilovdur. O, “Lukoil Özbəkistan” əməliyyat şirkətinin baş energetikdir. Kadrlara əsasən çölük ərazidə tikanlı məftillə əhatə olunmuş inzibati binada qara eynəkli “Lukoil” vəzifəlisi əvvəlcə kompüter arxasında oturmuş özbək işçini hansısa səhvə görə danlayır. Sonra çölə çıxır və yerli fəhlələri təhqir edir, onları söyür və “qoyun sürüsü” adlandırır. “Gedin evlərinizə, b..., rədd olub gedin öz qışlaqlarınıza”,-o rusca deyir.
“Lukoil” şirkətinin Özbəkistan ofisindən bu videokadrların həqiqiliyini təsdiq ediblər, amma özbək fəhlələri təhqir edən əməkdaşa qarşı hansısa tədbirin görüləcəyi barədə heç nə deməyiblər. İşçilər isə bildirir ki, “Lukoil” rəhbərliyinin yerli işçiləri təhqir etməsi adi praktikadır və onların şikayətlərinə məhəl qoyan yoxdur.
Qeyd edək ki, Azərbaycanda da əvvəllər neft sektorunda işləyən xarici şirkətlərin yerli fəhlələri təhqir etməsinə, onlarla kobud davranmasına dair faktlar dəfələrlə qeydə alınıb.