İsveçin Malmö şəhərində fəallar tərəfindən Quranın yandırılmasından sonra iğtişaşlar başlayıb.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə İsveçin SVT telekanalı xəbər verir.
"İğtişaşlar bu gecə başlayıb, iştirakçılar fişəng və petardalar yandırıb, polisi daş-qalaq edib, zibil və avtomobil təkərləri yandırıblar. Bir neçə polis və ən azı bir xilasetmə maşınına zərər dəyib. Toqquşmaların baş verdiyi ərazilərdə bir neçə avtomobil yandırılıb, polis hadisələrin iğtişaşlarla əlaqəli olub-olmadığını hələ təsdiqləməyib", - məlumatda deyilir.
Televiziya kanalının verdiyi xəbərə görə, hadisə yerinə insanları sakitləşdirməyə din xadimləri gəlib. Vəziyyət saat 3:00-da (Bakı vaxtı ilə 5:00) sabitləşib. Hadisə ilə əlaqədar 10-20 nəfərin saxlanıldığı deyilir. Bir neçə polis əməkdaşı yüngül xəsarət alıb, əhali arasında zərərçəkənlər haqqında məlumat yoxdur.
Qeyd edək ki, isveçli küçə rəssamı Dan Pak bundan öncə islam dini əleyhinə aksiya keçirməyi planlaşdırırdı. O, donuz ətinə bükülmüş Quranı yandırmaq niyyətində idi. Lakin Malmö şəhərinin inzibati məhkəməsi təhlükəsizlik səbəbindən sözügedən aksiyanın keçirilməsinə icazə verməmişdi. Buna baxmayaraq, Danimarkanın "Sərt kurs" sağçı ekstremist partiyasının üzvləri tərəfindən bu aksiya təşkil edildi. Onlar Quranın yandırılmasını lentə alaraq sosial şəbəkələrdə paylaşıb. Məhz bundan sonra şəhərdə iğtişaşlar başlayıb.
Bundan başqa, Malmödə qanunsuz daha bir nümayiş aksiyası keçirilib ki, burada da müsəlmanların müqəddəs kitabına təpiklə zərbə vurulub. Bu hadisədən sonra 6 nəfər həbs olunub. Quranın yandırılmasına görə isə heç kim həbs edilməyib.
YeniAN.info