Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında evləri olan məcburi köçkünləri qəbul etməsi ilə bağlı xəbər vermişdik. Lakin bəzi Kütləvi İnformasiya Vasitələrində Rövşən Rzayevin sakinlərlə kompensasiya məsələsində razılığa gəlməsi, onlara kompensasiyanın ödənilməsinin bir həftə ərzində həllini tapacağı barədə məlumatlar yayıldı.
Məsələyə aydınlıq gətirən komitə bu məlumatları təkzib edərək sədrlə görüşdə ümumiyyətlə kompensasiya məsələsinin müzakirə belə olunmadığını bildirib:
“Bəzi internet-media portalları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında evləri olan məcburi köçkünləri qəbul etdiyi, onların şəxsi mülkləri hesab olunan evlərin söküntüsü baş tutacağı təqdirdə, kompensasiya ödəniləcəyini dediyi barədə məlumat yayıb.
Bununla əlaqədar olaraq bildiririk ki, Dövlət Komitəsinin sədri həmin ərazidə evləri olan məcburi köçkünlərlə görüşüb, onların müraciətini dinləyib. Məcburi köçkünlərin yazılı müraciəti müvafiq qaydada qeydiyyata alınıb. Onlara evləri söküləcəyi təqdirdə kompensasiya ödəniləcəyi və məsələnin bu həftə ərzində öz həllini tapacağı barədə heç bir rəsmi cavab verilməyib. Ümumiyyətlə, görüşdə kompensasiya barədə söhbət olmayıb”.