Valyuta məzənnəsi

Hulusi Kılıç: “Türkiyə-Azərbaycan birliyindən doğan əzəmət hər iki ölkənin mediasında daha geniş əks olunmalıdır"

Tarix:15-09-2020, 17:00

Hulusi Kılıç: “Türkiyə-Azərbaycan birliyindən doğan əzəmət hər iki ölkənin mediasında daha geniş əks olunmalıdır"

“Bakının 15 sentyabr 1918-ci ildə daşnak-bolşevik işğalından azad olunmasının 102-ci ildönümüdür. Mən təklif edərdim ki, bu şərəfli gün bütün türk dünyasında Bakı bayramı kimi qeyd olunsun”.

Türkiyənin Azərbaycandakı sabiq səfiri, Azərbaycan “Dostluq” ordeni mükafatçısı, tanınmış diplomat Hulusi Kılıç YeniAN.info-ya açıqlamasında belə bildirib.

Diplomat Bakının işğaldan qurtuluşunun 102-ci ildönümünün təkcə Azərbaycanda deyil, Türkiyə rəsmi dairələrində və mediasında da yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb. Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmasını qedyd edən H.Kılıç Türkiyənin Vitse-Prezidenti Fuad Oktayın, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun, Türkiyə Milli Müdafiə Nazirliyininin, Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi Fəxrəddin Altunun, Prezident Adminstrasiyasının Sözçüsü İbrahim Qalının, Türkiyə Parlamentinin sədri Mustafa Şəntopun da özəl təbriklər ünvanladıqlarını bildirib.

İki il əvvəl Azərbaycanın paytaxtında Bakının işğaldan qurtuluşunun 100 illiyi münasibətilə keçirilən möhtəşəm hərbi paradda da Türkiyənin yaxından iştirakını xatırladan H.Kılıç iki qardaş ölkənin birlik və bərabərliyinin bir əsr öncə də sarsılmaz olduğunu deyib: “102 il öncə Bakı erməni bolşeviklərinin işğalında olarkən Osmanlı dövləti də 7 fərqli cəbhədən hücumlara məruz qalmışdı. Buna baxmayaraq Osmanlı Dövləti ilə Azərbaycan arasında 4 iyun 1918-ci ildə imzalanan müqaviləyə əsasən Nuri Paşanın komandanlığı altında Qafqazı işğaldan təmizləmək üçün Qafqaz İslam Ordusu təşkil olunur.

O zaman Nuri Paşanın böyük qardaşı Ənvər Paşa Osmanlı dövlətinin Baş Qərargah rəsi olub. Ənvər Paşa qardaşı Nuri Paşaya belə bir gizli təlimat verir: “Bizə müttəfiq ölkələrin təhrikilə səni geri çağıra bilərəm, amma bu əmri yox say, Bakını xilas etməyincə geri dönmə, Gəncədəki müvəqqəti hökuməti Bakıya gətir”.

Beləcə Azərbaycandan da Nuri Paşaya verilən hərbi qüvvə dəstəyi nəticəsində 12 minlik ordus öncə Göyçay, Salyan, Ağsu və Kürdəmiri, sonra isə Bakını işğaldan xilas edir. Bu savaşda 1130 əsgərimiz şəhid olur”.

Qafqaz İslam Ordusu geri döndükdən sonra Bakının yenidən bolşeviklərin əlinə keçdiyini qeyd edən diplomat bildirib ki, bu hadisə Nuri Paşaya qardaşı Ənvər Paşanın ölümündən də belə ağır təsir edib: “Birinci Dünya Savaşı'ndan məğlubiyyətə düçar olacağını anlayan Osmanlı Dövləti ordusunu Qafqazdan təxliyə etmək məcburiyyətində qalır. 30 oktyabrda imzalanan Mudros Sazişinə görə, Qafqaz İslam Ordusu 16 noyabrda Bakını tərk edir. Amma könüllü olaraq onlarca zabit və əsgərlər Azərbaycanı erməni təcavüzündən qorumaq üçün orada qalır. Lakin qüvvə azlığından Bakı təkrar bolşeviklərin əlinə keçir. Nuri Paşa xatirələrində bu hadisəni belə yazır: “Abim Ənvər Paşanın şəhid olması qəlbimdə nə qədər böyük bir yara açdısa, Azərbaycanın istilası qəlbimi daha çox sızlatdı”. Təbii ki, Nuri Paşa Azərbaycanın müstəqilliyini görmədi, 1949-cu ildə dünyasını dəyişdi. Lakin Nuri Paşa Kiligil başqa olmaqla Qafqaz İslam Ordusnun Azərbaycan xalqının könlündə əbədi yer etdi”.

H.Kılıç bildirib ki, tarixdə bu cür nümunələr çox yer aldığı üçün Azərbaycan-Türkiyə qardaşlığı ölümsüzlüyün nişanəsidir: “Tarixdə dəfələrlə sübuta yetirilən Azərbaycan-Türkiyə birliyi, qardaşlığı əbədidir. İki dövlət, bir millət prinsipi ilə yaxşı gündə də, pis gündə də həmrəy olan, brlik nümayiş etdirən bu qardaşlığın gələcək nəsillərə ötürülməsi üçün təbliğatımızı daha da gücləndirməliyik. Doğrudur, ən yüksək dairələrdə bu birlik yüksək səviyyədə özünü büruzə verir. Tovuz hadisələrində hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə yetkililərinin dəstəyi, Azərbaycanın hörmətli Prezidenti İlham Əliyevin rəsmi Yunanıstana tutarlı cavabı, Azərbaycanın hər şərtlərdə Türkiyənin yanında olması bəyanı buna bariz nümunədir. Çox arzu edərdim ki, hər iki ölkənin mətbuat və televiziyalarında Türkiyə-Azərbaycan birliyindən doğan əzəmət daha geniş şəkildə nümayiş edilsin”.

YeniAN.info

Oxunub: 204



XƏBƏR LENTİ