Valyuta məzənnəsi

DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI

Tarix:22-06-2023, 13:38

Xeyirxah, peşəkar, ləyaqətli, etibarlı insan Məmmədsaleh Qafarovun əziz xatirəsinə

(İxtisarla)

 

Dünya yaranışından insan övladının həyatda mövcud olub yaşaması, dayanaqlı olması üçün yaradan hər bir şeyi öz yerində, öz qaydasında tənzimləmişdir. Nə az, nə çox, nə artıq, nə əskik. Bu Allahın nizam-tərəzisidi, dəyişməz, pozulmaz.

Qədim insalardan üzü bəri, bu günümüzədək yemək, qidalanma həyatda yaşamağın, mövcudluğun əsas şərtlərindən biri olmuşdu. Hər bir xalqın, millətin, millət olaraq tanınmasında onun milli dəyərləri, milli irsi önəmli, deyərdim ən önəmli şərtlərdən biridir. Azərbaycan öz dəyərli qədim tarixi ənənələri, mədəniyyəti, elmi tərəqqisi ilə yanaşı, milli mətbəxinin dəyərləri, qədimiliyi, gözəlliyi ilə öyünmüşdür. Mətbəx mədəniyyətdir, milli mətbəx millətin millət olaraq göstəricisi, kimliyidir. Azərbaycan xalqının həm milli kulinariyasının, aşbazlıq sənətinin, şirniyyatlarının, şirələrinin, içkilərinin, mürəbbələrinin tarixi diapazonu çox-çox qədimlərə gedib söykənir. Bu qədimiliyin bir göstəricisi də hər bir bölgənin mətbəxinin özünəməxsus təamları ilə individuallığıdı. Hər bir bölgədə müəyyən yemək, şirniyyat növlərinin hazırlanmasında nəsildən-nəslə ötürülmə mexanizminin tarixiliyi danılmazdır. Azərbaycanın unikal gülüş məmləkəti kimi (2-ci Qabrova) tanınan, səfalı təbiəti ilə göz oxşayan qədim Şəki torpağı, həm də dədə-babadan qalma duluzçuluq sənəti ilə də məşhurdur. Tanrı bu qədim diyara qarşı səxavətini bol eləmişdi. Deyirlər insanlar yaşadığı yerə bənzəyir. Təbiətin gözəlliyi Şəki əhalisinin qanına belə siraət edib; Şəki qonaqpərvərliyi, unikal hazır-cavablılığı, şirin ləhcə, Şəkinin atributu, Şəki pitisi, Şəki halvası ümumilikdə isə qədim və müasir Şəkini birləşdirən, babadan-oğula, oğuldan-nəvəyə, nəvədən-nəticəyə keçən mədəni irsin davam etdirilməsində böyük rolu olan nəsil-şəcərə! Şəki milli mətbəxi Azərbaycan milli kulinariyasının hər zaman ən mühüm ayrılmaz, öyündüyü qolu olmuşdur. XX əsrin 50-ci illərində Əliəhməd Ələkbər oğlu Qafarov Şəki halvası istehsal edən kiçik bir sex yaradır. Onun məqsədi bu qədim, xeyirli şirniyyatı dünyaya tanıtmaq idi. Biz illərdir hər şeyimizi, o cümlədən milli mətbəximizi utanmadan öz adına çıxaran mənfur qonşularımızla mübarizə aparırıq. Əliəhməd ustanın bu addımı ən böyük alqışa layiqdir. Şəki təbiəti həmişə xarici turistlərin marağına səbəb olub. Bu təamların xarici vətəndaşlar tərəfindən tanınması bəlkə kiməsə kiçik görünə bilər, əslində isə bu Əliəhməd ustanın Azərbaycan qarşısında böyük xidməti olaraq dəyərləndirilir. Hər görülən işin bir gözünə halallıq, o birinə zəhmət qoyularsa, bu işin nəticəsi daimiyaşarlılığa qədər gedir. Əliəhməd usta Şəki halvasını öz resepti, üsulu ilə hazırlamağa başlayır və bu işə ailə üzvlərini cəlb edir. Az keçmir Şəki halvasının sorağı Azərbaycana və ölkə hüdudlarından kənara çıxmağa başlayır. Bunun hamısı Əliəhməd ustanın öz işinə sevgisi, sayqısı məhəbbəti ilə əlaqədar olur. Öz əməyinə nə qədər sevgi, sayqı, inam və məsuliyyətlə yanaşarsansa Allahdan və ətrafdan bunun qarşılığını şübhəsiz geri alacaqsan. Allah səndən hərəkət, məndən bərəkət kəlməsini öz həyat kredosu seçənləri sevir. Əliəhməd ustanın qurduğu şirniyyat evləri, səliqə-səhmanı müştərilərə göstərilən nümunəvi xidmətləri, ən ümdəsi keyfiyyətli şirniyyatları ilə insanlar arasında böyük rəğbət və inam qazanır.

Ailədə bir övlad mütləq baba, ata ənənəsinin davamçısına çevrilir. Bu yolu ləyaqətlə ortancıl oğlu Məmmədsaleh Qafarov davam etdirməyə başlayır. O, ta uşaqlığından atasının yanında Şəki şirniyyatının bütün sirlərinə yiyələnir və səriştəli şirniyyatçıya çevrilir. Əliəhməd kişinin bu yolda zəhmətini yerə vurmayan layiqli davamçı atasının ruhunun şad olması üçün əlindən gələni əsirgəmir. Onun sayəsində "Əliəhməd Şirniyyat Evi” çox böyük uğurlara imza atır. Atasının qurduqlarını böyük sevgi, zəhmət, ləyaqətlə davam etdirən Məmmədsaleh usta "Əsl o kişinin oğludu” qiymətini alır. Şəkinin qədim şirniyyatlarından olan "Dım-Dım” halvasının, "Kəhrəba” və "Nuxa” paxlavasının yeni üsulla bişirilməsi onun şirniyyat dünyasına böyük töhfəsidir. "Əliəhməd Şirniyyat Evi” bir çox festivalların iştirakçısıdı. Saysız-hesabsız diplomların, fəxri fərmanların mükafatçısıdır. Ənənəvi beynəlxalq şirniyyat festivallarında dəfələrlə birinciliyi əldən verməmişdir. Azərbaycanı dünyaya tanıdan məşhur halvaçı Əliəhməd ustanın bu gün ruhu şaddır. Çünki, onun mükəmməl davamçısı oğlu Məmmədsaleh usta və onun davamçıları bu milli irsi ləyaqətlə qoruyub saxlayırlar. Məmmədsaleh Qafarov 2019-cu ildə haqq dünyasına qovuşdu. İlk olaraq o, öz atası Əliəhməd usta qarşısında, sonra doğmaları xalqı qarşısında ləyaqətli, pak xidmətləri ilə əbədiləşdi. O, ata əməyini, peşəsini, yolunu layiqincə davam etdirməklə bu mənəvi irsin dünya səviyyəsinə çıxması üçün unudulmaz xidmətləri ilə minnətdarlıqla anılır. Məmmədsaleh çox böyük ürəyə sahib idi, xeyirxahlığı ilə də seçilirdi. Xeyriyyəçi, ata yolunun layiqli davamçısı Şəki halvası, "Nuxa”, "Kəhrəba” adı ilə tanınan paxlavalar nə qədər yaşayacaqsa Məmmədsaleh usta Qafarov, bu ocağın yaradıcısı Əliəhməd usta Qafarov daim minnətdarlıq və rəhmətlə xatırlanacaqlar...

Onun qəlbinin qoyduğu bu milli şirniyyatlar dövlət tədbirlərinin, yubileylərinin, toy məclislərinin bəzəyinə çevrilirdi. Hər biri kreativliyi, möhtəşəmliyi ilə göz oxşayırdı. Anası Safura xanım da çox mükəmməl şirniyyatçı idi. Ata-babadan qalma şirniyyatların hazırlanmasında olan qədimiliyi, dəqiqliyi, milliliyi götürmüşdür. Bu yolda həyat yoldaşı Əliəhməd ustaya əsl yardımçı idi. Məmmədsaleh Qafarov da ata və anadan keçən bütün qabiliyyətlər topalanmışdır. O, bu peşəni məcburi seçməmişdi, o bu yolu sənət olaraq, məslək olaraq seçmişdi. Əslində bu cür insanları sənət, məslək özü srçir deyirlər. Yaradan öz məsləyinə sadiq olan insanlara böyük qəlb verir. Onlar özlərinə, bacarıqlarına güvənərək heç bir cılız rəqabətlərə baş qoşmadan işləri ilə nəşğul olanlardı. Şirniyyatçılıq, daha dəqiqi xüsusi diqqət, məsuliyyət işi tələb edən zərgər işidir. Məmmədsaleh usta öz işinin zərgəri kimi tanınırdı. Qədim, milli şirniyyatlarımıza yeni dad qataraq milliliyi, qədimiliyi saxlamaqla öz kreativliyindən çıxış etmişdi. Öz dadını, duzunu qatmışdı. "Dım-dım” halvasına, "Kəhrəba”, "Nuxa” paxlavasına yeni nəfəs vermək bu insanın həm sənətinə, həm vətəninin milli irsinə olan sevgisinin isharı deyilmi? Onun yanına gələn adam əliboş geri dönməzdi. O, çox həyatlara sevinc bəxş eləmişdi. Tələbələrin təhsil almasında, xəstələrin nicat tapmasında, cütlüklərin ev olmasında, şəhid ailələrinin, kimsəsizlərin əsl nicat yeri idi. Çox səxavətli, həssas adam idi o. Bu səxavətdən hamıya pay düşərdi. Mənə elə gəlir bu cür insanların bu dünyada az yaşamalarının səbəbi son dərəcə həssas, mərhəmətli, hər bir dərdi öz doğma dərdi kimi qəbul etmələri qəlbdən yaşamaları ilə, yüklənmələri ilə əlaqədardır. Əslində bu belədi: "Kasıb doyduran, yetim sevindirən olmaq, Allahın özündən gələn bir lütfdür”. Bu lütfün arxasında dayanmaq isə hər kəsə həvalə olunmaz. İşə yarayan adamlar faydalı olmaq prinsipi ilə əkiz doğulub. Bu anlamla da yaşayanlar, yaşayanlar üçün etibar anlamı böyük göstəricilərdən biridir. O, xalqın etibarlı adamı idi. Çin mükamilələrinə görə ağıllı insan tələsir, amma heç bir tələsik iş görmür. Ancaq həyatda özünü elə kökləməli açılan hər sabaha sənin üçün açılmaya bilər fəlsəfəsi ilə bu gün sənin ömrünün son günüdür. İş gör, yaxşılıq et, savab qazan prinsipi ilə yaşayanlar qalır tarixin yaddaşında. Məmmədsaleh Qafarov bu prinsipi özünə məhəng daşı seçərək yaşadı. Bu sözləri haradasa oxuyub riayət edərəkdən yox, o bu kökdə, bu amalda, bu havada dünyaya gəlmişdi. Onu da Tanrı öz xüsusi seçilmişləri sırasına qatmışdı. O, həm iş məsləyində, həm insani məsləyində bütöv idi. O, bu dünyaya çoxunun yükünü çəkmək üçün gəlmişdi. Şərəfli əməyinin sayəsində qazandığı ruzidən hamıya pay ayırırdı. Bu onun həyatında götürdüyü bir düz xətt idi. Sonadək (2019-cu ilədək) bu xətt yolunu dəyişmədi. Məmmədsaleh Qafarov zəhmət və yaradıcılığı ilə kamilləşmiş insan idi. Çalışmaq, zəhmətə qatlaşmaq insan üçün böyük sərvətdir. O, əkdiklərini biçirdi. İnsanın ruhu onun gördüyü işlərdədi. Bu dünyada da, o dünyada da səndən sonra bu ucalığın fəxarətini, mükafatlarını övladların yaşayacaq. Oğlu Toğrul Əliəhmədlinin təəbirində olduğu kimi "Xahiş edirəm atamın xeyir əməllərindən yazın...”. Bu bir övladın ləyaqətli nümunəvi həyat yaşamış ata haqqında gəldiyi bir cümləlik dastana bərabər qənaətidir. Elə yaşamaq lazımdır ki, özündən sonra qoyub getdiklərin sənə görə utanmasınlar. Sabahını fikirləşməyən adam ən bədbəxtdir. Belələri azdımı?! Məmmədsaleh Qafarov gördüyü işlərin nəticəsini özü vermişdir. Bu gün o nəticə göz qabağındadır. Onun həyatına baxanda dünya şöhrətli milyonçu Linkolinin bir ifadəsini xatırladım "Atam mənə işləməyi öyrətdi, amma işi sevməyi öyrətmədi”. Bəli, atası Əliəhməd usta onun üçün böyük örnək idi. Peşəyə sevgi isə hər kəsin öz daxilinin cavabıdı. Dahilərin hikmətli sözlərinə söykənc olaraq bu gəlimli-gedimli bir ucu ölümlü dünyada hər kəs əbədi yaşarlılığı da özü seçir, ölüb xatırlanmamağı da. Yaşın sanbalı olurmu? Mənim bu suala baxışım birmənalıdır. Yaş sambalı yaşın çoxluğu ilə deyil, görülən işlərin, edilən əməllərin savabı, sambalı ilə ölçülür. Məmmədsaleh usta ta gənc yaşlarından peşəsinə sənət olaraq baxdı. Bu sənətə öz fəlsəfəsinin qatdı, barını da daddı. Sağlam ağac sağlam meyvə yetirər. O, məhvəri atası Əliəhməd Qafarov tərəfindən qoyulan bu ocağı- "Əliəhməd” şirniyyat evini atasının adına layiq qorudu, abadlaşdırdı, məhşurlaşdırdı. Bu ocağı hər mənada xeyirxah işlər məbədinə çevirdi. O, çox insanların həyatında yaşıl işıq oldu. Bütün şənliklərdə, təntənələrdə məhsulları təmənnasız olaraq süfrələrin bəzəyinə çevirdi.

Elə insanlar var, qələm onlar haqqında tərəddüd etmədən öz səxavətini əsirgəmir. Onlardan biri də Məmmədsaleh Qafarovdu. Atasının layiqli davamçısı, peşəsinin sənətkarı, xeyirxah insan, Azərbaycanın milli irsinə öz töhfələrini vermiş layiqli vətəndaş. Qədim Şəkinin tarixiliyinə bir soyad da əlavə olundu. Keçən əsrin 50-ci illərindən üzü bəri Azərbaycan milli irsinə sədaqət nümayiş etdirən Qafarovlar sülaləsi. "Əliəhməd” şirniyyat evinin, onun yaradıcısının, layiqli davamçılarının tarixi. Yaşatmaq isə ölümü "öldürmək” deməkdi. Bu ocağın və Məmmədsaleh Qafarovun nüminəsində.

 

Hörmətlə,

Hürü Hacızadə və Fərid Faiqoğlu

Yazıçı publisist AJB-nin üzvü

 

DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI
DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI
DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI
DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI
DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI


DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI




Oxunub: 50



XƏBƏR LENTİ