Valyuta məzənnəsi

Fermerin kabusu olan sel və daşqınların faydası: Elektrik enerjisinə də qənaət edilib - RƏY

Tarix:30-06-2023, 11:32

Bölgələrdə yaşayan fermerlərin hər zaman ən böyük çətinlikləri su ilə bağlı olur. Son bir neçə aydır ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir, bölgələrdə leysan, dolu yağması intensivləşib. Bu da öz növbəsində bir neçə - Zaqatala, Göygöl, Quba, İsmayıllı, Şəmkir, Goranboy, Ağcabədi, Cəlilabad və s. -rayonda sel fəlakəti ilə nəticələnib.

Maraqlıdır, yağıntının miqdarının artması suvarmaya necə təsir edir? Bu,

Mövzu ilə bağlı Obyektivxeber.info-a açıqlama verən Coğrafiya İnstitutunun Qurunun Hidrologiyası və Su Ehtiyatları Şöbəsinin müdiri, professor Rza Mahmudov son dövrlərdə bütün dünyada suya ehtiyac artdığını qeyd edib:

"Azərbaycan su ilə az təmin olunan ölkələr sırasına daxildir. Son dövrlərdə bütün dünyada, o cümlədən bizim ölkəmizdə də suya tələbat artıb. Bir tərəfdən, su ehtiyatı azalıb, digər tərəfdən, tələbat artıb. Son dövrlər istər sənaye, istər kənd təsərrüfatı, istərsə də məişətdə suya tələbat məlum səbəblərdən artır.

Ölkəmizdə əkinlərin suvarılması 75-80 faiz süni yolla həyata keçirilir. Əkinçiliyin su təminatına hər zaman böyük ehtiyacı olur”.

Professor qeyd edib ki, yağıntının bolluğu müsbət haldır:

"Yağıntıların çox düşməsi bölgələrdə suya olan tələbatı ödəyir. Eyni zamanda, bir sıra çaylarda daşqınların, ayrı-ayrı bölgələrdə subasma hallarının olması neqativ hal kimi qəbul olunur. Düşən yağıntı subasma, daşqın kimi hadisələrə səbəb olsa da, torpaqda su ehtiyatlarının, yeraltı suların səviyyəsinin, rütubətin artmasına səbəb olur. Bunun da suya tələbatın artdığı bir dövrdə effekti çox yüksəkdir”.

R.Mahmudov əlavə edib ki, ölkəmiz suya olan tələbatının çox hissəsini təbii düşən yağış sularının hesabına artırır:

"Bitkilərin vegetasiya dövründə suya olan tələbat bu yağıntılar, su ehtiyatlarının artması hesabına təbii yolla ödənilir. Bu il yağıntılı il oldu. Bunu normal təbii proses kimi qəbul etmək lazımdır. Ölkənin suya olan tələbatının və rütubətin artması, meşə yanğınlarının azalması bunları şərtləndirən amillərdir. Ölkəmiz suya olan tələbatının çox hissəsini təbii düşən yağış sularının hesabına artırır”.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmisi Riad Axundzadə Obyektivxeber.info-a bildirib ki, Azərbaycanın su ehtiyatlarının 70%-i ölkə sərhədlərindən kənarda formalaşır ki, bu da ölkənin su təsərrüfatını transsərhəd çaylarından və atmosfer yağıntılarından kəskin asılı vəziyyətə salır:

"Son illərdə atmosfer yağıntılarının azalması səbəbindən torpaq sahələrində təbii nəmlənmə göstəriciləri aşağı düşmüşdü ki, bu da suvarma suyuna olan tələbatın yüksəlməsinə səbəb oldu. Nəticədə özəlliklə kanal və çayların sonunda yerləşən təsərrüfatların su təminatında müəyyən çətinliklər müşahidə olundu.

Cari ildə yağışların miqdarının artması iki istiqamətdə öz müsbət təsirini göstərib. Birincisi, əlbəttə ki, su anbarlarında toplanmış su həcminin artmasıdır ki, hazırda Araz, Ağstafaçay və Taxtakörpü su anbarları xaric geri qalan su mənbələrində toplanmış su ehtiyatları qənaətbəxş hesab oluna bilər. Bununla yanaşı, yağıntıların son dövrlərdə artması əkin sahələrində torpaqlarda müəyyən dərəcədə nəmlik yaradıb ki, bu, suvarmanı tam olaraq əvəz etməsə də, suvarma suyuna olan tələbatın azalmasına səbəb olub.

Bu da öz növbəsində mövcud su ehtiyatlarının əkin sahələri arasında daha səmərəli paylanmasına xidmət edir. Bununla yanaşı, yağış səbəbindən çaylarda sululuğun artmasına görə bir sıra rayonlarda subartezian quyularının iş rejimlərinə yenidən baxılıb və bu sayədə elektrik enerjisi istifadəsinə müəyyən dərəcədə qənaət edilib. Ümumilikdə dünya təcrübəsində alternativ su mənbələrindən, o cümlədən yağış suyunun toplanaraq texniki məqsədlər üçün istifadə olunması praktikası mövcuddur. Gələcəkdə bu istiqamətdə müvafiq qərar qəbul edilib tapşırıq verilərsə, qeyd olunan tədbirlərin həyata keçirilməsi məsələsinə baxılması mümkündür”.

Nəzrin Vahid

Oxunub: 44



XƏBƏR LENTİ