Məşhur Məmmədov
Milli Məclisin deputatı
Moskvada
Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası bir
çox ciddi mesajlar və əhəmiyyətli qərarlarla yadda qaldı.
MDB
1991-ci ildən bəri postsovet ölkələrinin siyasi-iqtisadi və
təhlükəsizlik sahələrində birgə əməkdaşlıq platforması olaraq fəaliyyət
göstərir. MDB üzv dövlətlərin birgə strategiyalarını inkişaf etdirmək,
regional problemlərə birgə yanaşmaq və bir-birilərinə dəstək olmaq
məqsədini güdür. Təşkilat, həmçinin, iqtisadi inteqrasiya, ticarət
mübadiləsi və mədəni əlaqələrin inkişafı baxımından mühüm rol oynayır.
MDB
regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında əsas faktor
kimi çıxış edir. Postsovet məkanında baş verən münaqişələr, sərhəd
problemləri və ekstremizm təhlükələri MDB ölkələrinin birgə mübarizə
aparmasını tələb edir. Bu kontekstdə MDB-nin regional məsələlərə birgə
yanaşma strategiyaları, üzv dövlətlərin münaqişələrin qarşısını almaq və
sabitliyi qorumaq üçün daha sıx əməkdaşlıq etməsinə imkan yaradır.
8
oktyabr 2024-cü il tarixində Moskvada keçirilən MDB Dövlət Başçıları
Şurasının iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. İclasda iştirak
edən dövlət başçıları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və
birgə layihələrin həyata keçirilməsi ilə bağlı əhəmiyyətli müzakirələr
apardılar. Bu görüş MDB-nin regional məsələlərdəki rolunun və təsirinin
artırılması üçün bir platforma yaratdı.
Diqqəti iclasın yekun qərarları və MDB ölkələrinin əməkdaşlıq istiqamətindəki planlarına yönəltmək istəyirəm.
MDB
Dövlət Başçıları Şurasının iclasında həm siyasi, həm iqtisadi, həm də
təhlükəsizlik sahələrində bir sıra mühüm qərarların qəbul edilməsi
müsbət haldır. Əsas diqqət çəkən məqamlardan biri, MDB dövlətləri
arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi və
gücləndirilməsi oldu. İclasda regional və qlobal problemlərlə bağlı
birgə həll yollarının tapılması məqsədilə əməkdaşlığın
intensivləşdirilməsi qərara alındı.
MDB
Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi
Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət
paytaxtı elan edilib. Bu qərar həm laçınlılar, həm də bütün Azərbaycan
xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı.
Laçın
Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş
şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Artıq
Laçında yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər dogma yurda
qayıdır. Rayonda əmək yarmarkaları keçirilir, bu da doğma
yurd-yuvalarına qayıdan sakinlərin işsizliyinin aradan qaldırılmasına öz
töhfəsini verəcək.
Azərbaycan
üçün verilən əhəmiyyətli qərarlardan biri də növbəti il Azərbaycanda
III MDB Oyunlarının keçiriləcəyi xəbəri oldu. Gəncə şəhəri idman
paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox
şəhərində keçiriləcək. Bu qərar onu göstərir ki, Bakı ilə yanaşı, artıq
regionlarımız da beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindədir.
Prezident
İlham Əliyev sözügedən iclasda qeyd edib ki, bir aydan sonra Bakı ən
böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək.
Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil
qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi
qiymətləndiririk.
Dövlət
başçısı çıxışı zamanı istər Azərbaycanın uğurlarına sevinən, istərsə də
ölkəmizin suverenliyini təmin etməsindən narahat olan dövlətlərə mesaj
verdi. Əminliklə demək olar ki, gələcəkdə MDB-nin rolunun daha da
artacağı gözlənilir. Bu təşkilat regional inteqrasiya və iqtisadi
əməkdaşlıq üçün mühüm platformaya çevrilmək potensialına malikdir.
Qlobal geosiyasi mühitin dəyişməsi və MDB üzv ölkələrinin birgə
maraqları onları daha sıx əməkdaşlığa təşviq edir.
Təşkilatın
gələcək inkişafında əsas diqqət çəkən istiqamətlərdən biri Avrasiya
bölgəsində enerji təhlükəsizliyinin təmin olunmasıdır. MDB ölkələri
arasında enerji resurslarının paylanması və tranziti üzrə razılaşmaların
daha da genişləndirilməsi gözlənilir. Eyni zamanda, regional
münaqişələrin həlli, sosial və iqtisadi sabitliyin qorunması kimi
mövzularda MDB çərçivəsində daha güclü dialoqların aparılması
proqnozlaşdırılır.
MDB-nin
güclənməsi, həmçinin, təşkilatın üzv ölkələrinin beynəlxalq arenada
daha vahid mövqe tutmasına da kömək edə bilər. Bu, gələcəkdə MDB-ni
qlobal siyasətdə daha təsirli bir aktor kimi formalaşdıra bilər.
Moskvada
keçirilən bu iclas MDB-nin yaxın gələcəkdə həm siyasi, həm də iqtisadi
sferalarda daha fəal rol oynayacağını göstərdi. Regional sabitlik və
inkişaf naminə təşkilatın üzv ölkələri arasında əməkdaşlıq daha da
genişlənəcək.
YeniAN.az