YeniAN.az xəbər verir ki, 11 oktyabr 2024-cü il tarixdə saat
18:00-da Bakı şəhəri "Nizami” konoteatrında şəhid kapitan Həmid
Cəfərliyə həsr olunmuş "Qəhrəman kapitan Həmid Cəfərli” adlı sənədli
film təqdimatı keçirilmişdir. Tədbirdə şəhid ailələri, Millət Vəkilləri,
tanınmış Azərbaycan ziyalıları, "Azərbaycan Vətən Müharibəsi
Veteranları” İB-nin nümayəndələri, Qarabağ müharibəsi veteranları,
şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyinin zabit heyətindən ibarət
nümayəndələr, ictimai birlik nümayəndələri və Kütləvi İnformasiya
Vasitələri iştirak etmişdir. Tədbir Azərbaycanın dövlət himni
səsləndirildikdən sonra açıq elan olundur və film nümayiş etdirildi.
Sənədli filmin yaradıcı heyyəti:
Layihə rəhbəri: Şəmistan Əlizamanlı
Ssenari müəllifi: Rey Kərimoğlu
Quruluşçu rejissor: Roman Yaşar
Montajçı: Amo Yaşar
Redaktor: Həcər Hüseynova
Prodüssor: Elmar Hüseynov
Sənədli
film 2020-ci ilin Vətən müharibəsinin iştirakçısı şəhid kapitan Həmid
Cəfərliyə həsr olunubdur. Filmdə şəhidin ailə həyatı, məktəb illəri,
hərbi məktəb və keçdiyi hərbi xidməti haqqında maraqlı və ən yadda qalan
xatirələr lentə alınıbdır. Filmdə şəhid kapitan Həmid Cəfərlinin
keçdiyi döyüş yolu və qəhrəmanlığını əks etdirən real video kadrlar, səs
yazıları və fotolardan istifadə olunubdur.
Kapitan Cəfərli Həmid
Kərim oğlu 1990-cı ilin avqust ayının 1-də Bakı şəhərində anadan olub.
1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olub.
8-ci sinifə qədər bu məktəbdə təhsil alıb.
Həmidin arzusu zabit kimi
xalqına şərəflə xidmət etmək olub. Elə bu arzu ilə 2004-cü ildə Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2007-ci ildə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2011-ci ildə həmin
məktəbi "Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirib, leytenant hərbi
rütbəsi alıb. Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam
etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabit ixtisas
kursuna göndərilib. Leytenant Həmid Cəfərli 24 iyun 2011-ci il
tarixindən 24 iyun 2012-ci il tarixinədək Silahlı Qüvvələrin Təlim və
Tədris Mərkəzində kəşfiyyatçı tağım komandiri kursunu bitirib. O,
2012-ci ildən N saylı hərbi hissənin Kəşfiyyat bölüyünün Tağım komandiri
vəzifəsinə təyin olunub.
2013-cü ildə döyüş və ictimai hazırlıqda,
nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman,
"Azərbaycan Ordusunun 95 illiyi” yubiley medalı ilə təltif olunub və baş
leytenant hərbi rütbəsi alıb.
2015-ci ildə N saylı hərbi hissədə
kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilib. Dəfələrlə düşmənin
yerləşdiyi ərazilərə kəşfiyyat qrupları aparıb və əsirlər gətirib.
2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan
hərbi rütbəsinə yüksəlib. 2017-ci ildə isə N saylı hərbi hissəyə
komandir müavini vəzifəsinə təyin edilib.
O, 3-cü dərəcəli "Qüsursuz
xidmtlərinə görə" və "Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları
ilə təltif edilib. 2019-cu ildə N saylı hərbi hissədə bölük komandiri
vəzifəsinə təyin edilib.
2020-ci il 27 sentyabrdan başlayan Vətən
müharibəsində ön xətdə döyüşə başlayıb və ilk olaraq Cəbrayıl rayonu
istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan
torpaqlarımızın geri qaytarılmasında fəal iştirak edib.
Cəbrayıl
yüksəkliklərinin işğaldan azad edilməsi uğrunda vuruşub və Nüzgar
kəndinə Azərbaycan bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və
yüksəkliklərinin işğaldan azad edilməsində iştirak edib. Döyüş zamanı
iki gün şəxsi heyyəti ilə mühasirədə qalıb.
2020-ci ilin oktyabr
ayının 2-də kapitan Həmid Cəfərli Tovuz rayonunda yerləşən hərbi hissədə
yüksək vəzifəyə təyin olunub. Lakin o,"müharibə qurtarandan sonra
təyinat yerinə gedərəm"- deyib. Həmid döyüşçü dostlarına deyirmiş ki, "-
Müharibədən sağ-salamat çıxsam, mütləq kitab yazacağam". Özünə şəhidlik
zirvəsi arzulayan kapitan Həmid Cəfərli 27 sentyabrda dostuna yazıbmış:
"Xoş o adamın halına ki, ona Şəhidlik nəsib olur. Boşuna və bihudə
ölümə getməkdən Allaha pənah aparıram”. Kapitan Cəfərli Həmid Kərim oğlu
5 oktyabr, 2020-ci ildə saat 13.20 radələrində Füzuli rayonunun
Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər ağır döyüşlərdə
qəhrəmancasına şəhid olub.
Bakı şəhəri 2-ci Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən
sonra Şəhid kapitan Həmid Kərim oğlu Cəfərli Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə
-3-cü dərəcəli "Rəşadət” ordeni,
-"Vətən uğrunda”,
-"İgidliyə görə”,
-"Cəbrayılın azad olunmasına görə”,
-"Füzulinin azad olunmasına görə”,
-"Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Müdafiə
Nazirinin müvafiq əmrləri ilə "Silahlı Qüvvələrin yaranmasının 95
illiyi” 3-cü dərəcəli "Qüsursuz xidmtlərinə görə" "Silahlı Qüvvələrin
yaranmasının100 illiyi” yubiley medalları təltif olunubdur.
Ailəli idi. Övladları Cabbar, Hüseyn və qızı Zeynəb.
Təşkilatçı: Elmar Hüseynov
Fərid Səfərov
Xezertv.info-nun rəhbəri, AJB-nin üzvü