Valyuta məzənnəsi

Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi qeyd olundu

Tarix:22-09-2018, 09:37

Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi qeyd olundu

Dünyanın onlarla ölkəsindən gəlmiş rəsmi qonaqların iştirak etdiyi mərasimdə prezident İlham Əliyev mühüm mesajlar verdi
Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar təntənəli iclas keçirilib. Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılıb. Təntənəli mərasimdə Bosniya və Herseqovina, Bolqarıstan, Pakistan, Oman, Türkiyə, Bəhreyn, Küveyt, Qırğızıstan, Cibuti, Səudiyyə Ərəbistanı, Sudan parlament sədrləri səviyyəsində təmsil olunub.

Bundan əlavə, iclasda Çexiya, Qazaxıstan, Polşa, Vyetnam, Rusiya, İran, Tacikistan, Macarıstan, Monteneqro, Serbiya parlament sədrlərinin müavinləri də iştirak edib. İclasda həmçinin NATO Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamentinin, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının, AVRONEST Parlament Assambleyasının nümayəndələri də iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyev təntənəli iclasda iştirak və çıxış edib. “Yeni Müsavat”ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, prezident Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

1991-ci ildə bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda ilk illərdə vəziyyətin acınacaqlı olduğunu, ölkəmizin çətin sınaqlarla üz-üzə qaldığını deyən dövlət başçısı o ağır vaxtlarda xalqın müdriklik göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdiyini, onun respublikaya rəhbərliyindən sonra ölkədə önəmli addımların atıldığını, Azərbaycanın tədricən ağır vəziyyətdən çıxdığını bildirib. “Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var” - deyən İlham Əliyev Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Burada qəbul olunan qanunların həyatımızın bütün sahələrini əhatə etdiyini və bizim qanunvericilik bazamızın ən yüksək meyarlara cavab verdiyini deyən dövlətimizin başçısı qeyd edib ki, parlament çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayıb və milli maraqlar məsələsində deputatlarımız bir nöqtəyə vurur, vətənpərvərlik göstərərək dövlətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edirlər. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də fəal iş apardığını, Azərbaycan reallıqlarını dünyaya çatdırdığını deyən ölkə başçısı vurğulayıb ki, onların fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması təşkil edir və bu işdə son illərdə bir sıra uğurlara nail olunub.

Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı qeyd edib ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. “Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. ”Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir" deyən prezident bir daha vurğulayıb ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılmasının mümkün olmadığını, getdikcə ölkəmizin bütün sahələrdə gücünün artdığını, Azərbaycanın beynəlxalq səviyyədə, qonşu ölkələrlə uğurlu əlaqələr qurduğunu deyən prezident qeyd edib ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, Dünya İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan dünya miqyasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdə qərarlaşıb. Beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Bir neçə gündən sonra orbitə üçüncü süni peykimiz çıxarılacaq.
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi qeyd olundu


Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin önəmini vurğulayan, ölkəmizin dünyadakı təhlükəsizliyə mühüm töhfə verdiyini, Azərbaycanın multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini deyən ölkə rəhbəri bundan sonra da ölkəmizin inkişafı ilə bağlı tədbirlərin görüləcəyini söyləyib. Bu gün Azərbaycanın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü deyən dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını tam təmin etdiyini və Azərbaycan parlamentinin bu işdə mühüm rolunun olduğunu diqqətə çatdırıb.



Sonra Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təşkil olunan mərasimin iştirakçıları xatirə şəkli çəkdiriblər.

“Türkiyə tarixin hər bir vaxtında Azərbaycanın yanında olub. Azərbaycan dara düşən zamanlarda ilk yardım edən biz olduq. 100 il bundan öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu 1918-ci ilin sentyabrın 15-də Azərbaycanın imdadına gəldi. Türk millətinin qəhrəman övladları Azərbaycan Xalq Cümhuriyyətini istiqlalına qovuşdurmaq üçün canını fəda etdi. Həmin qəhrəmanlardan 1132-si bu torpaqlarda şəhid oldu. Bu səbəblərə görə də Türkiyədən sonra ən çox şəhidliyimiz olan ölkə Azərbaycandır”.

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş iclasda deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunub: “Dağlıq Qarabağ məsələsi həmişəlik həll olunmadan Qafqazda müharibə riskini aradan qaldırmaq mümkün deyil. Türkiyə ən başından Azərbaycanın gözlənti və tələblərini dəstəkləməkdədir. Ermənistan dövləti Dağlıq Qarabağ da daxil olmaqla, işğal etdiyi Azərbaycan torpaqlarından şərtsiz çəkilməlidir. Bu torpaqlar Azərbaycanındır. Dünən də beləydi, əbədiyyən də belə olacaq”.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclasına qatılan TBMM sədri Binəli Yıldırımın çıxışı alqışlarla qarşılanıb. Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə Yıldırım çıxışının ilk hissəsində Azərbaycan türkcəsində danışıb: “Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Birlikdə ağlar, birlikdə gülərik. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtədə birləşir. Azərbaycanda soyuq olsa, biz üşüyərik. Azərbaycana soyuq olsa, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adını sayanda Azərbaycanı oraya daxil etmirik”.



TBMM sədi parlament üzvlərinə səslənərək özünü onların hüzurunda Milli Məclisin üzvü kimi hiss etdiyini deyib. Daha sonra Binəli Yıldırım Azərbaycan dövlət başçısı İlham Əliyevlə bir araya gəlib.

Azərbaycanda ilk parlament 100 il bundan əvvəl yaradılıb. Bu tarix Azərbaycan xalqının inkişafa, çiçəklənməyə nə qədər sadiq olduğunu nümayiş etdirir. Biz bu tarixi nəzərdən keçirərkən görürük ki, bu, yalnız tarixi nöqteyi-nəzərdən deyil, gələcək üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması müasir Azərbaycanın yaranmasına, onun güclənməsinə, ölkədə müxtəlif sahələrin inkişafına, ölkənin iqtisadi və maddi suverenliyinin möhkəmləndirilməsinə öz töhfəsini verib.

Bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli bildirib. (AZƏRTAC) Georgi Tsereteli deyib: “Bu müasir ”Alov qüllələri"nin kölgəsində dayandığımız zaman biz Azərbaycan irsini artıq hiss edə, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri görə bilərik. Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin iqtisadi nöqteyi-nəzərdən inkişaf edib regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib".

Digər natiqlərin çıxışları dinlənildikdən sonra təntənəli iclas başa çatıb.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Oxunub: 393



XƏBƏR LENTİ