"ЕU Politics" analitik portalında bu yaxınlarda Brüsseldə keçirilmiş Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 16-cı iclası haqqında məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin sözləri yer alıb. O vurğulayıb ki, şuranın iclasından sonra Brüssel və Bakı "yeni, iddialı ikitərəfli sazişin" imzalanması üzrə danışıqların yekun mərhələsindədirlər.
Portalda Avropa diplomatiyasının rəhbərinin aşağıdakı sözləri sitat gətirilir: "Azərbaycan neft və qazla zəngin ölkədir, Aİ ilə çox sıx və bərabərhüquqlu münasibətlərin qurulmasını istəyir".
Məqalədə Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın fikirləri də yer alıb: "Aİ ticarət və sərmayələr üzrə Azərbaycanın çox böyük tərəfdaşıdır. Tərəfdaşlığımızın prioritetlərinə müvafiq olaraq, biz iqtisadi münasibətlərimizi gücləndirməyə, o cümlədən Azərbaycan iqtisadiyyatını ardıcıl olaraq şaxələndirməyə, onun Dünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləməyə və ümumilikdə işgüzar və sərmayə mühitini yaxşılaşdırmağa çalışırıq.