Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han Brüsseldə səfərdə olmuş Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların formatının dəyişdirilməsi, Qarabağ ermənilərinin də bu prosesdə iştirakının təmin edilməsi təklifinə mənfi cavab verib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Ermənistan baş nazirinə cavab verən Yohannes Han “təkcə yenilik xətrinə” hansısa yeni mexanizmin icad olunmasına gərək olmadığını, indiki format üzrə hərəkət etməyin zəruriliyini vurğulayıb. Aİ-nin komissarı əlavə edib ki, Ermənistan və Azərbaycan rəhbərlərinin və xarici işlər nazirlərinin ilk görüşləri optimizm üçün əsas verir, lakin bu məsələdə konkret tərəqqidən danışmaq hələ tezdir. “Söhbət bizim danışıqlar prosesinə dəstəyimizdən gedirsə, düşünürəm ki, ən yaxşısı indiki formatı saxlamaqdır. Yenilik xətrinə hansısa yeni bir şeyə ehtiyac yoxdur. Ümumi planda isə, söhbət etimad tədbirlərindən gedir”, -deyə Han vurğulayıb. O qeyd edib ki, Aİ Cənubi Qafqaz regionu ölkələri arasında əməkdaşlığa, xüsusən insanların bir-birinə yaxınlaşmasına kömək edə bilər.
Oxunub: 271