Sabiq baş nazir, tarix elmləri doktoru Həsən Həsənovun Ankara Dövlət Universitetində “Atropatena-Adorbayqan adlı dövlətin yaranması “ kitabının (Türkiyə türkcəsində) təqdimetmə mərasimi olub.
YeniAN.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar H.Həsənovun siyasi fəaliyyətilə yanaşı, elmi fəaliyyətindən də bəhs edib.
Rektor deyib ki, bu elmi fəaliyyətlərin nəticəsində H. Həsənovun 20-ə yaxın kitab nəşr olunub və bu kitablar Almaniya, Rusiya, Macarıstan İtaliya, Belçika, Polşa, Bolqarıstan, Gürcüstanda da nəşr edilərək, o ölkələrin oxucularına təqdim edilib: “Azərbaycanın çox köklü bir tarixi var. Tarixi Assuriya İmperatorluğuna qədər gedən, 3 imperatorluğun hissəsi olan, öz müstəqilliyini 321-ci ildə Böyük İsgəndərin imperiyası çökdükdən sonra yenidən qazanan bu ölkənin necə qurulmasını Həsən Həsənov bizə öz kitabında anladır. Azərbaycanın zəfərini qeyd etdiyimiz bu günlərdə həm də Azərbaycanın tarixindən bəhs etmək bizim üçün də xoşdur”.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu ölkənin ilk baş naziri olan H. Həsənov ölkəmizin tarixinin ən çətin dövrlərindən birində Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Səfir H. Həsənovun bir çox xidmətlərini sadalamaqla yanaşı, 1994-96-cı illərdə Azərbaycanın Nyu-Yorkdakı BMT yanında daimi nümayəndəsi olarkən məhz onun xidməti nəticəsində BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 4 tarixi qətnaməsinin qəbul edildiyini vurğulayıb.
R. Məmmədov Türkiyənin 5 nüfuzlu universitetində H. Həsənovun son tədqiqat işinin təqdim olunacağını qeyd edib.
Ankara Dövlət Universitetinin professoru Erdoğan Uygur kitab haqqında geniş məlumat verib.
Azərbaycan-Türkiyə əlaqələrindən, XX, XXI əsrlərdə Türkiyənin Azərbaycana olan dəstəyindən danışan Həsən Həsənov deyib ki, bir çox Şərq və Qərb arxivlərinə və alimlərinə istinad edərək ərsəyə gətirdiyi son kitabında Azərbaycanla Türkiyənin vaxtilə bir millət və bir dövlət olduğunu sübut edən araşdırmalar da var: “Bu kitabı oxuyanlar biləcəklər ki, Azərbaycan deyilən dövlət nə zaman və hansı şərtlər altında qurulub, dövləti hansı millət yaradıb və bu, kimin xidməti olub, dövlətin adı necə ortaya çıxıb. İqtidar xanədanlarının kimlər olması amili də çox vacibdir. Dövlət müstəqil olaraq neçə il yaşayıb və sonra aqibəti necə olub. Atropatena həm Türkiyə, həm də Azərbaycan ərazisini əhatə edib, kitabda təqdim olunan xəritələr də bunu sübut edir. Bir məsələni vurğulayım ki, Azərbaycanda Atropatena yaranmazdan öncə Oğuz dövləti yaranıb. Miladdan öncə 673-cü ildə Midiya və Aşquz çarlığı qurulub. Həmin Aşquz oğuzları da Atropatena dövlətini yaradıblar”.
Qeyd edək ki, İstanbulda “Zengin Yayincılık” nəşriyyatı tərəfindən dərc edilən kitabı rus dilindən Türkiyə türkcəsinə Ankara Dövlət Universitetinin dil-tarix fakültəsinin məzunu, azərbaycanlı filoloq, şərqşünas Məlaikə Hüseyin tərcümə edib.
YeniAN.az