Valyuta məzənnəsi

Saralmış, keyfiyyətsiz inək ətini 14, kərə yağını 87 manata dövlət idarələrinə sırıyan təşkilat

Tarix:3-09-2018, 17:44

Saralmış, keyfiyyətsiz  inək ətini 14, kərə yağını 87 manata dövlət idarələrinə sırıyan təşkilat

Sovet vaxtı hər bir kənddə tədarük məntəqələri yaradılmışdı və kolxozçu daxili təlabatından artıq məhsulunu həmin məntəqələrə təhvil verib pulunu alırdı.
İndi nə Sovet var, nə də onun həmin o yaxşı ənənəsi. «Azərittifaq» adlı bir qurum da var idi. Onun yerlərdə rayon İstehlak Cəmiyyətləri olardı. Bu cəmiyyətlərin işi həmin o tədarükləri həyata keçirmək idi. Həm tədarükçü qazanırdı, həm də tədarükə məhsul verən…

2016-cı ildə yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” cəmiyyətinin əsas məqsədi istehsalçı və satıcılarından belə məhsulları alıb-toplayaraq satınalan təşkilatlara təqdim etməkdir.

Başqa sözlə, həmin qurum, qanunvericiliyə uyğun olaraq, dövlət təşkilatlarının ehtiyac duyduğu kənd təsərrüfatı məhsullarını mərkəzləşdirilmiş qaydada fermerlərdən satın alır. Büdcədən maliyyələşən təşkilatlar nəzərdə tutulan vəsait həcmində özlərinin bu məhsullara tələbatlarını sözügedən cəmiyyətə bildirir.
Bəzi dövlət müəssisələrinə, uşaq baxçalarına, hərbi hissələrə və s.-ə azuqə almaqdan ötrü əvvəllər də dövlət büdcəsindən vəsait ayrılırdı. Məsələn, belə xərclər üçün bu ilin dövlət büdcəsində 309 milyon manat nəzərdə tutulub.
Gözlənildiyi kimi qurum özünü doğrultmur.
obyektivxeber.info bildirir ki, fermerlərdən malı ucuz qiymətə alması narazılıq yaradır.


“Divarlara elan yapışdırmışdılar ki, “becərmək sizdən, tədarük bizdən”. Maraqlandım, dedilər yeni tədarük müəssisəsidir, özü də dövlət qurumu. Müqavilə bağladım. Məhsul istehsalı üçün avans veriləcəyi vəd olunmuşdu. Yubadıb, yubadıb, axırda vermədilər. Hazır məhsulu isə bazar qiymətindən iki dəfə ucuz istədilər. Bu, fırıldaqçı şirkətə oxşayır”.

Salyan rayonunun Marışlı kəndində yaşayan Loğman Qədirov bunu danışır. Onun sözlərinə görə, bu ilin aprelində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Salyan rayonundakı regional idarəsinin səlahiyyətli nümayəndəsi əkin sahəsinə baxış keçirərək, onunla müqavilə bağlayıb. Razılaşmaya görə fermer 3,5 hektar sahədə yetişdirdiyi kartofu, habelə 22 sotdakı sarımsağı tədarükçüyə “orta bazar qiyməti ilə” təhvil verməli imiş:

“Tək mənimlə yox, xeyli sayda fermerlə belə müqavilə bağlanılıb. Düşüb sahələrə şəkil çəkirdilər. Amma sonda heç kəsin məhsuluna yiyə durmadılar. Hamıya deyilir ki, məhsulunuz aqrotexniki qaydalara uyğun yetişdirilməyib. Elə bunu əldə bayraq edib malımıza çox ucuz qiymət qoyurlar”.

Fermerin sözlərinə görə, Salyanda kartofun qiyməti topdansatış bazarlarda 45, pərakəndə isə 60-70 qəpikdir. Tədarük idarəsi isə onlardan, üstündə 10 % əlavə mal vermək şərti ilə 23 qəpiyə istəyir. Məhsulu sahədən anbara çatdırmaqdan ötrü texnika və işçi qüvvəsi lazımdır ki, bu da istehsalçının üzərinə atılıb:

“Tədarük idarəsi saytlarında kartofun sifariş qiymətini 60 qəpik göstərib. Amma yerlərdə qoyduqları şərtlərə görə məhsul 20 qəpikdən də ucuz düşür. Halbuki, bu il onun maya dəyəri təxminən 30 qəpik təşkil edib. Ucuz istədiklərinə görə avans verdikləri fermerlər də onlara mal vermir, başqalarına satıb aldıqları pulu qaytarırlar”.


Əksinə dövlət idarələrinə,müəssisələrə “Ərzaq məhsullarının tədarükü və təchizatı” cəmiyyəti ərzağı şişirdilmiş qiymətlərlə verir.

Məsələn, oxucularımızdan biri deyir ki, 5 kiloluq keyfiyyətsiz kərə yağını 87 manata sənədləşdiriblər. Hətta ən bahalı marketdə bu yağı daha ucuz qiymətə almaq olar.

Zay, qoca inək əti isə kilosu 14 manat 10 qəpiyə verilir. Yəni hərbi hissələrə, təşkilatlara.

Korrupsiyanın miqyasını təsəvvür etmək üçün təkcə ətin və yağın qiymətinə diqqət etmək kifayətdir.


Oxunub: 675



XƏBƏR LENTİ