Valyuta məzənnəsi

Stivi Niks Rok-n-roll şöhrəti zalında iki dəfə təmsil olunmuş ilk qadındır

Tarix:31-03-2019, 12:33

Stivi Niks Rok-n-roll şöhrəti zalında iki dəfə təmsil olunmuş ilk qadındırMartın 29-da Nyu-Yorkdakı “Barclays Center” idman kompleksində artistlərin Rok-n-roll şöhrəti zalına daxil edilməsinə həsr olunmuş təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.

Bu il mətbuatın diqqəti 70 yaşlı amerikalı müğənni və bəstəkar Stivi Niks üzərində cəmlənib. O, rok musiqisinin inkişafına əhəmiyyətli təsir göstərmiş artistlərin nüfuzlu siyahısına daxil olmaq şərəfinə ikinci dəfə layiq görülən ilk qadın olub. Onun adı siyahıya ilk dəfə 1998-ci ildə daxil edilib. Onda S.Niks bu siyahıda “Fleetwood Mac” qrupunun üzvü kimi yer alıb. İndi isə 1981-ci ildə başladığı solo karyerasına görə bu şərəfə layiq görülüb.

Çox vaxt “rok-n-roll kraliçası” adlandırılan ifaçının sözlərinə görə, onun uğuru başqa qadınların da yolunu açır. S.Niks digər musiqiçi qadınları öz qruplarından ayrılmağa çağırmır, lakin onların solo yaradıcılıqla məşğul olmalarında da yanlış heç nə görmür.

S.Nikslə bərabər, müğənni Canet Ceksonun, habelə beş britaniyalı qrupun – “The Cure”, “Def Leppard”, “Radiohead”, “The Zombies” və “Roxy Music” qruplarının adları da zalda təmsil olunub.

Rok-n-roll musiqiçiləri Klivlenddə yerləşən (Ohayo ştatı) Rok-n-roll şöhrəti zalında yalnız ilk vallarının çıxdığı gündən 25 il keçəndən sonra təmsil oluna bilərlər. Bu şərəfə “The Beatles”, Bob Dilan, Elvis Presli, “ The Rolling Stones”, Bi Bi Kinq, Çak Berri, Rey Çarlz, Areta Franklin və s. qrup və ifaçılar layiq görülüblər.

Bu birliyə daxil olmağa kimin layiq olduğunu həll etmək dinləyicilərə həvalə olunur. Onlar təşkilatın rəsmi saytında musiqiçilərə səs verirlər. Laureatları müəyyən etmək üçün musiqi sahəsində təqribən 1000 ekspert, o cümlədən məşhur müğənnilər, musiqi tənqidçiləri, şou-biznes peşəkarları və tarixçilər də iştirak edirlər.

Oxunub: 214



XƏBƏR LENTİ