Qırğızıstan-Tacikistan sərhədində qanlı qarşıdurma olub. Sərhəddəki yaşayış məntəqələrinin sakinləri arasında baş verən insident zamanı 2 nəfər həyatını itirib, 13 nəfər xəsarət alıb. Yaralılar hər iki tərəfdəndir, ölənlər isə Tacikistan vətəndaşlarıdır.
Obyektivxeber.info strateq.az-a istinadən bildirir ki, Qırğızıstan Sərhəd Xidmətinin məlumatına görə, Ak-Say (Qırğızıstan) sakinləri isə Mehnatabad (Tacikistan) sakinləri arasında qarşıdurma martın 13-də Ak-Sayda yol çəkilişi zamanı başlayıb. Ətraf kəndlərin 200-ə yaxın sakini sərhədə toplaşaraq əvvəlcə mübahisə ediblər, ardından da bir-birlərinə daş atmağa başlayıblar. Tacikistanın 11, Qırğızıstanın 2 vətəndaşı xəsarət alıb. Bir neçə saat sonra Qırğızıstan vətəndaşları Ak-Saya, qarşı tərəf isə Tort-Koçaya gedən yolu kəsiblər.
Qırğızıstan Sərhəd Xidməti münaqişəni başladan tərəfin taciklər olduğunu deyir. Qurumdan bildiriblər ki, Tacikistan vətəndaşları qırğız kəndlisinə məxsus tövləni yandırıblar. Tacikistan Sərhəd Xidməti isə bunun əksini iddia edərək bildirir ki, ilk olaraq Qırğızıstan vətəndaşları Tacikistan ərazisindəki dəyirman və anbara od vurublar.
Qırğızıstan baş nazirinin müavini Jeniş Razakov hadisə yerinə gəlib. Baş verən insidentlə bağlı ölkə parlamentində qapalı iclas keçirilib.
Bu gün vəziyyət yenidən gərginləşib. Növbəti qarşıdurma nəticəsində həm Tacikistan, həm Qırğızıstan tərəfindən ölən olub. Ölənlərdən biri Tacikistan vətəndaşı Rafioddin Taşayevdir. Onun snayperdən açılan atəş nəticəsində öldüyü deyilir.
Tacikistanın sərhəd orqanları yaranmış münaqişə ilə bağlı Qırğızıstanı ittiham edir: "Qırğızlar martın 13-də Tacikistanın İsfar şəhərinin Vorux camaatı yaşayan hissəsində hökumətlərarası ikitərəfli protokola zidd olaraq Koktaş-Ak-Say-Tamdık yolunun inşasına başlayıblar. Vorux camaatı buna etiraz edib. Etiraza cavab olaraq qırğızlar tərəfindən adıçəkilən camaata atəş açılıb".
Qırğızıstanın baş naziri Muxammedkalıy Abılqazıyev və onun tacik həmkarı Koxir Rasulzoda telefonda sərhəddəki durumu müzakirə ediblər.
Qırğızıstan Sərhəd Xidmətindən bildiriblər ki, sərhəddə vəziyyət gərgin olaraq qalır. Hökumətin, sərhədçilərin və hüquq-mühafizə orqanlarının səylərinə baxmayaraq, tərəflər arasında qarşıdurmalar davam edir.
Prezidentlər Soorobay Jeenbekov (Qırğızıstan) və Emomali Rahmon (Tacikistan) baş verənlərlə bağlı obyektiv təhqiqatın aparılması üçün birgə komissiyanın yaradılmasının zəruriliyini qeyd ediblər. Və gələcəkdə bu cür hallara yol verməməyin vacibliyinə toxunublar.
Liderlər onu da bildiriblər ki, iki ölkənin vətəndaşları əsrlər boyu yaxın qonşuluq münasibətlərində olublar və bundan sonra da yalnız sülh və dostluq şəraitində yaşamalıdırlar.
Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 976 kilometrdir. Sərhədin müəyyən edilməmiş hissəsi ətraf qəsəbələrdəki münaqişələrin səbəblərindən biridir.
Özbəkistan, Tacikistan və Qırğızıstan ərazisindəki dağlararası çökəklik olan Fərqanə Orta Asiyada insanların ən çox məskunlaşdığı vadidir. SSRİ-nin muxtar respublikaları qurulanda burada 8 anklav vardı. Beləliklə, Qırğızıstan ərazisində Tacikistanın 2, Özbəkistanın 4 anklavı yerləşir.
Anklavların daxilində və yaxınlığında münaqişələr torpaq, su, sərhədi qanunsuz keçmə və etnik qruplar arasındakı fikir ayrılıqları səbəbindən olur. Və bu münaqişələr adətən yolların bağlanması, kütləvi davalar və evlərin yandırılması ilə müşayiət olunur.
Oxunub: 270