Valyuta məzənnəsi

Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib

Tarix:15-08-2021, 23:25

Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib

İstefa verən Əfqanıstan prezidenti Əşrəf Qani xanımı Rula və iki məsləhətçisi ilə Özbəkistana uçub.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "New York Times" qəzeti Doha danışıqlarında iştirak edən əfqanıstanlı nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvünə istinadən yazıb.

Qəzet bildirir ki, həm heyət üzvü prezidentin hərəkətlərinin müzakirə olunduğunu istəmədiyi üçün anonim qalmağa üstünlük verib.

Bundan bir qədər əvvəl "RİA Novosti" mənbəyə istinadən xəbər vermişdi ki, Əfqanıstan prezidenti Əşrəf Qani istefa verməyə razı olub, daha sonra Kabildən Tacikistana uçub və oradan da üçüncü ölkəyə getməyə hazırlaşır. Əfqanıstanda Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla Əşrəf Qaninin prezidentlikdən istefa verdiyini və ölkəni tərk etdiyini açıqlayıb.

Başqa bir məlumata görə isə Əşrəf Qani Tacikistandan Omana gedib. TASS xəbər agentliyi yazır ki, belə bir məlumat "Kabul News" telekanalının "Twitter" səhifəsində yer alıb.

Telekanalın verdiyi məlumata görə, xanımı Rula Qani və daha iki nəfər prezidentlə birlikdə Kabili tərk ediblər. Ehtimal olunur ki, onlar təyyarə ilə əvvəlcə Tacikistana, oradan isə Omana uçublar.

***

Saat 19:22

Əfqanıstan prezidenti Əşrəf Qani Kabildən Tacikistana uçub, oradan isə üçüncü ölkəyə gedəcək.

APA bildirir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadən məlumat verib.

Mənbə bildirib ki, prezidentlə yanaşı milli təhlükəsizlik müşaviri Həmdullah Mohib də paytaxtı tərk edib.

***

Saat 18:02

Əfqanıstan prezidenti ölkəni tərk edib.

APA bildirir ki, bu barədə "Tolo News" telekanalı mənbələrə istinadən xəbər verir.

Məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk edib.

***

Saat 17:54

Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verməyə razılıq verib.

APA bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Əfqanıstanın hakimiyyət orqanındakı mənbə agentliyə bildirib ki, prezident Qani istefa verməyə razılıq verib.

Prezident bildirib ki, "Kabildə hərbi əməliyyatların olması mümkün deyil".

YeniAN.az

Oxunub: 175



XƏBƏR LENTİ