Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandıran bəyanatına dair şərh yayıb.
Şərhdə bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı qətiyyətlə qınayırıq.
Xatırladırıq ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edib.
Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub.
Ermənistan XİN-in “dirçəliş” kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən geniş miqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib.
Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir.
Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur.
YeniAN.az