Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında
məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun son
üç illik fəaliyyət dövrünün maliyyə nazirliyinin 8 nəfərlik qrupu
tərəfindən araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların
nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək.
Mənbənin
bildirdiyinə görə Z.Fərəcovun ən ciddi maliyyə pozuntularından biri
şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin
dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar
zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var.
Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da
maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin
stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir. Bu
barədə yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra
Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun
açılışı da yeni başçının təyinatından sonra reallaşacaq.
Qeyd edək
ki, Sumqayıt şəhər stadionu Prezident İlham Əliyevin 21 noyabr 2019-cu
il tarixli sərəncamı ilə yenidən qurulub. Arenanın tikintisinə ilkin
olaraq 5 milyon manat vəsait ayrılıb. Zakir Fərəcovun fəaliyyətindən
məlumatı olan yaxın mənbə bildirib ki, Sumqayıtda çox böyük problemlər
var və bu problemlərin hamısı icra başçısının yol verdiyi ciddi
nöqsanlarlarla bağlıdır.
Qeyd edək ki, Zakir Fərəcov adı
qalmaqallarda keçən icra başçılarından biridir. Onun Sumqayıtda xüsusən
sahibkarlara "qan uddurduğu”na dair iddialara tez tez rast gəlinir.
Hətta yaxın zamanlarda Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin
inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra
başçısı Zakir Fərəcov arasında borc qalmaqalı ilə bağlı ölkə başçısına
müraciət olunmuşdur. Üstəlik, sahibkarların təhdid və təqib olunması
barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə
hüquqi qiymət verməyə tələsmirlər.
Fərəcov sahibkarlara qənim
kəsilməklə təkcə prezidentin tapşırıqlarına və tələblərinə qarşı çıxmır,
həm də eyni zamanda sahibkarlara zülm və sitəm etməklə böyük pullar da
qazanır.
Belə neqativ, sahibkarlara qarşı qanunsuzluqlar etmiş
məmurlar, icra başçıları tutduqları vəzifələrdən tezliklə
çıxrılmalıdırlar: "İcra başçısı obrazı dəyişdirilməlidir. Bu tipli icra
başçıları nə qədər tapşırsan da, bu adamlar xırda ticarətlə məşğul olan
zehniyyətə sahib olduqlarından onlar üçün insan haqları, mülkiyyət
maraqları anlayışları yaddır. Sadəcə, problemin dərinliyini, ölkənin
iqtisadi durumunun yaxşılaşması üçün sahibkarların həlledici rollardan
birinə malik olmalarını başa düşmürlər. Bu adamların yaranmış
situasiyaya hazırlığı yoxdur.
Qeyd edək ki, təxminən 430 nəfərə yaxın
sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən
qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks
təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə
verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar olaraq sahibkarlar və
işçilər növbəti dəfə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident
Mehriban Xanım Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri Samir
Nuriyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət
ünvanlayıblar.
Bütün bunların ardınca icra başçısı yoxlama şoku
yaşayır. Belə ki, yoxlamaların təkcə Maliyyə Nazirliyi deyil, həmçinin
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də
həyata keçirirmiş. Əldə etdiyimiz məlumata görə, sözügedən qurum bir
həftədir Sumqayıt şəhər Təhsil, Səhiyyə, Kommunal Təsərrüfat
idarələrində genişmiqyaslı araşdırmalara start verib. Artıq ilk yeyinti
faktının aşkarlandığına dair məlumatlar da var. Həmin məlumata görə,
KQMBİ-nin ilk araşdırması Sumqayıt Şəhər Səhiyyə İdarəsində həyata
keçirilib. Həmin araşdırma nəticəsində 6 milyon 427 min manat yeyinti
aşkarlanıb. Dövlət qurumu bu yeyintinin birbaşa İcra Hakimiyyətinin
əliylə aparıldığını aşkarlayıb. Məlumatda vurğulanır ki, məsələdən
xəbərdar olan Sumqayıtın icra başçısı Zakir Fərəcov danışıqlar aparmağa
çalışsa da, buna imkan belə verilməyib. Yalnız o bildirilib ki, yeyinti
nəticəsində dəymiş 6.427 min manat ziyan dövlət nəfinə geri
qaytarılmalıdır. Bundan sonra icra başçısı və yaxınlarının sayəsində
həmin pulun 1 milyon 500 min manata geri ödənilib. Qalan məbləğlə bağlı
isə A.Xudadatovun şəhərdə pul yığdığı bildirilir. Bildirilir ki, Zakir
Fərəcov qəfil başlayan bu yoxlamalardan çıxılmaz vəziyyətə düşüb.
Məlumata görə, o, vəziyyətdən çıxmaq üçün bir neçə qapını döysə də,
bunun heç bir xeyri olmayıb. Həmin qapılardan ona bildirilib ki,
problemi özü həll etməlidir və ona heç bir köməklik göstərə
bilməyəcəklər.
Cumhuriyyet.net