“Kütümə tələbat artıb, qiyməti bahalaşıb...”
Novruz bayramı və çərşənbələrin gəlişi balıq bazarında da tələbatı artırıb. Azərbaycanın bəzi bölgələrinin, xüsusən də cənub bölgəsinin əsas adətlərindən biri də bayram süfrəsinə balıqdan hazırlanmış ləvənginin qoyulmasıdır. Hətta cənub bölgəsində nişanlı qızlara aparılan Novruz sovqatının içində balıq ləvəngisi də aparılır, balığın ağzına isə qızıl üzük qoyulur.
Bəs görəsən, bayram ərəfəsində balığa tələbat artıbmı? Hansı balıq Novruz süfrəsi üçün daha çox alınır? “Yeni Müsavat”ın müxbiri paytaxtın “8-ci kilometr” bazarındakı balıq satışı şöbəsinə baş çəkib.
Üstünə növbənöv balıq düzülmüş piştaxtalar kənardan diqqəti cəlb edir. Bazarda məhsul boldur, alıcılar isə daha aktivdir. Yaxınlaşdıqda piştaxtanın altına düzülmüş ləyənlərdə diri balıqların da olduğunu görürük. Diri balıqların bazara ləyənlərdə gətirilməsinin səbəbi isə insanların təzə balığa olan tələbatıdır.
Alıcıların əksəriyyəti dəniz və çay balıqlarına üstünlük verdiyindən onların qiyməti daha bahadır. Dəniz balıqlarından farelin kiloqramı 10-11 manat , sudak (sıf) 12-13 manat , xəşəm 15-18 manata satılır. Göl balıqlarının qiyməti isə 5-6 manatdan başlayır.
Balıqçı Seymur Nağıyev deyir ki, son vaxtlar balığa tələbat artıb: “Bayramla əlaqədar ən çox kütüm balığı satılır. Bu baxımdan onun qiyməti bahalaşıb. Bahalaşmanın Novruza qədər davam edəcəyi gözlənilir. Kütümün ən ucuzunun kiloqramı 12 manatdan başlayır. Səbəb isə odur ki, tələbat çoxdur. Təkcə Cənub bölgəsindən olanlar deyil, digərləri də alırlar. Bakılılar da artıq bu adəti mənimsəyiblər”.
Balıqçının sözlərinə görə, satışda olan balıqların əksəriyyəti göllərdə yetişdirilir. Həmçinin diri halda satışa çıxarılanların da hamısı göl balıqlarıdır: “Onlara ”damba balıqları"da deyilir. Hazırda təbii balıqların çoxu Dağıstandan gətirilir. Bazarda qiyməti tənzimləyən də elə Dağıstandan gətirilən balıqlardır. Əksə halda qiymət çox baha olardı. Bizdə son illərdə balıq kəskin azalıb, Xəzərdən balıq az çıxır. Əvvəl daha çox idi. Kütüm, kefal, sazan əvvəl daha çox olub. İndi bazara gətiriləm bu balıqların 30 faizi yerli məhsuldur, 70 faizi Dağıstandan gətirilir".
Satıcı iddia edir ki, Xəzərdə balıqların yerdəyişməsi baş verir və indi əksəri hissəsi Dağıstanın Xəzərətrafı rayonlarında çıxır. Oradan gətirilən məhsul bizim bazarı həqiqətən ucuzlaşdırdı. Onlar olmasaydı, bizim insanlar balıq yeyə bilməzdilər".
Seymur Nağıyev deyir ki, bəzi balıq növləri artıq yoxa çıxıb: “Əvvəllər usac var idi, oku var idi, indi yoxa çıxıb. Berj azalıb, osetrin yox olub, beluqa azdır. Sovet vaxtı beluqa indiki pulla 2.50 manat idi, indi kilosu 50 manatdır. Hazırki digər qiymətlərə gəlincə, kütümün çəkisi balacalar 12, böyüklər 18 manatadır. Bayramda rekord həddə qədər bahalaşa bilər, kiloqramı 30 manata yüksələ bilər. Dağıstandan gətirilən təbii sazanların kiloqramı 5 manat, belamur 6 manat, kefal 7 manatdır. Baha olan yalnız kütümdür, o da bayramla əlaqəlidir”.
Satıcıların ümumi rəyinə görə, ən təmiz və ən yaxşı balıq kütümdür: “Çünki ”krevetka"dan başqa heç nə yemir, həmçinin süni göllərdə yetişdirilməsi mümkün deyil. Kütüm , kefal və sudakı süni göldə yetişdirmək olmur. Başqa balıqlar isə yetişdirilir. Bazardakı balıqların 60 faizindən çoxu göl balıqlarıdır. Əvvəl qiymətləri bir qədər ucuz idi, indi o da bahalaşıb. Çünki balıq yemləri çox bahadır, göl balıqları da ucuz başa gəlmir. İnsan var ki, təbii balığa üstünlük verir, onu diri gətirmək mümkün deyil. Bəzi insanlar isə diri balığa üstünlük verir, onlar isə yalnız göllərdən tutulub gətirilir. Yeniyetmələr, cavanlar diri olsun deyə göl balığı alırlar".
Qeyd edək ki, bazarda daha çox süni göllərdə yetişdirilən balıqlara rast gəlinir. Bu balıqlar yemlə bəslənir. Sazan, karp kimi balıqların çoxu göl balıqlarıdır. Nərəkimilər, qızıl balıq kimi növləri isə yalnız dənizdən tutmaq mümkündür. Yaşlı nəsil hesab edir ki, dəniz balıqları daha dadlı olur.