Bu gün Ankarada Türkiyə-Azərbaycan həmrəylik həftəsinin açılışı olub.
YeniAN.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Vəqfin rəhbəri Aygün Attar çıxış edib.
Aygün Attar Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının dünyaya örnək olduğunu bildirib. O, Türkiyənin Qarabağ müharibəsində, Azərbaycanın isə Türkiyədəki yanğın və zəlzələ zamanı göstərdiyi dəstəyi xatırladıb.
Aygün Attar Türkiyədə bu gün başlanan həmrəylik həftəsinin məqsədinin bu dostluğu və qardaşlığı daha da möhkəmləndirmək olduğunu deyib, bu tədbirin Türkiyə Cümhuriyyətinin yaranmasının və Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində keçirilməsinə diqqət çəkib.
Ankara Universiteti rektoru Necdat Ünüvar çıxışında Türkiyə-Azərbaycan dostluğundan söz açıb. Nəriman Nərimanovun Atatürkün yardımla bağlı təşəkkürünə "Qardaşın qardaşa borcu olmaz", - deyə cavabını yada salan Necdat Ünüvar eynilə Azərbaycan Prezidenti İlham Əliyevin Praqada da o zamankı Ermənistan rəhbərliyinin Türkiyə əleyhinə çıxışına "Türkiyə burda yoxdur, mən varam", - deyə cavab verdiyini xatırladıb.
Necdat Ünüvar iki ölkənin təhsil qurumları arasında əlaqələrin gücləndirilməsinin vacibliyi barədə də danışıb. O, pandemiya dövründə Ankara Universitetinin Azərbaycanın 3 universitetinə onlayn dərslər keçmək üçün tam dəstək verildiyini xatırladıb.
Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev Qarabağ zəfərində Türkiyənin dəstəyi, Şuşa Bəyannaməsi barədə danışıb.
Adil Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycanın dostluğu iki ölkə arasında münasibətdən daha artıqdır. O, Azərbaycanın zəlzələdən sonra da bölgəni tərk etmədiyini, bölgənin yenidən qurulmasında və inşasında da iştirak edəcəyini qeyd edib.
Azərbaycan Milli Məclisinin komitə sədri Ziyafət Əsgərov Atatürk və Heydər Əliyevin tarixi rolları barədə danışıb. Ermənilərin Qarabağa süni şəkildə gətirilməsi barədə danışan Ziyafət Əsgərov Türkiyənin Qarabağ savaşında Azərbaycana dəstəyini vurğulayıb.
"Şuşa Bəyannaməsi bizim qardaşlığımıza müttəfiqlik statusu verdi" deyən Z.Əsgərov güclü Türkiyənin olmasını istəməyən qüvvələrin mövcudluğunu təəssüflə qeyd edib.
APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı Türkiyənin Türk və İslam dünyası üçün vacibliyindən danışıb: "Türkiyənin inkişaf edən müdafiə sənayesi təkcə bu bölgələrdə terroru bitirmədi, həm də Qarabağda müharibənin zəfərlə yekunlaşmasında mühüm rol oynadı. İki liderin güclü iradəsi və Türkiyə-Azərbaycan dostluğu bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir”.
Vüsalə Mahirqızı qeyd edib ki, Türkiyə artıq bölgə üçün mühüm dəniz dövlətidir: "Türkiyənin bölgədəki rolu təkcə Türk dünyası üçün deyil, həm də region və dünya üçün danılmazdır. Biz bunu ən bariz şəkildə Rusiya-Ukrayna müharibəsində gördük. Türkiyə bu bölgədə söz sahibinə çevrildi. Bu regionda artıq Türkiyə və Azərbaycan olmadan heç bir qərar verilmir”.
Milli Məclisin komitə sədri Hicran Hüseynova Türkiyə Prezidenti Ərdoğanın Qarabağa səfərlərini xatırladıb. O, Zəngəzurla bağlı Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin apardığı işlərdən danışıb.
TED Universitetinin rektoru, professor İhsan Sabuncuoğlu da Qarabağ savaşından sonra hazırkı həmrəyliyin işbirliyinə çevrilməsinin vacibliyini vurğulayıb: "Bir neçə ay öncə Azərbaycanda 55 universitetin rektoru ilə görüşdük. Azərbaycan və Türkiyə universitetlərinin təcrübə mübadiləsi vacibdir. Daha çox beynəlxalq layihələr icra etməliyik".
Rektor TED Universitetinin Azərbaycandan şəhid və qazi ailəsindən olan 4 tələbəyə burs vermək istədiyini qeyd edib.
Avrasiya Yazarlar Birliyi başqanı Yakup Öməroğlu birliyin jurnalının bir sayının Türkiyədə baş verən "Əsrin fəlakəti" sayılan zəlzələyə həsr olunduğunu bildirib: "Zəlzələ zamanı 123 ölkə Türkiyəyə dəstək oldu, 88 ölkə burada xilasetmə işlərində iştirak etdi. Amma bu zəlzələnin acısını ancaq türk dünyası ədəbiyyatı yazdı. Jurnalımızda 110 şeir dərc olunub".
Başqan bildirib ki, Qarabağ zəfərinin də yazılması lazımdır.
Qarabağ qazisi Əhliyət Mehdiyev də Qarabağ savaşından danışıb. O, zəlzələ zamanı 1 ay ərzində 200 gənclə birlikdə zəlzələ bölgəsində çalışdıqlarını xatırladıb: "Biz zəlzələ bölgəsində də Qarabağ müharibəsindəki kimi mübarizə apardıq".
Qeyd edək ki, Türkiyə-Azərbaycan həmrəylik həftəsi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Tədbirlərdə Azərbaycandan iştirak edən nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Adil Əliyev, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı, müğənni Azərin, Tərxis Olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, qazi Əhliyət Mehdiyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev və digər şəxslər daxildir.