Qazaxıstanın Azərbaycandakı səfirliyində ölkəmizdə akkreditə olunmuş “Səfirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin xanımlarının Beynəlxalq klubu” üzvlərinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə elan edilən Gənclər ilinə həsr olunmuş tədbirin təşkilatçıları qismində Qazaxıstan ölkəmizdəki səfirliyi və “Nazarbayev Universiteti” muxtar təhsil qurumu çıxış ediblər.
Tədbirin gündəliyində duran əsas məsələ “Beynəlxalq klub”un üzvlərinə Qazaxıstanın təhsil sistemi, bu ölkənin təhsil müəssisələrinin dünya təhsil məkanına inteqrasiyası prosesi, həmçinin burada qazax və əcnəbi gənclərə yaradılan şərait və imkanlar haqqında məlumat verilməsi olub.
Təqdimat 2010-cu ildə yaradılmış və hazırda təkcə Qazaxıstanda deyil, həm də Mərkəzi Asiya ölkələri arasında ali təhsilin flaqmanı olan “Nazarbayev Universiteti” ali təhsil qurumunun nümunəsi əsasında həyata keçirilib.
Qazaxıstanın Azərbaycandakı səfirinin xanımı A.İgensartova görüş iştirakçılarına universitetin gələcəyə baxışı, əsas missiyası və strateji hədəfləri barədə məlumat verib. O qeyd edib ki, burada həyata keçirilən akademik və tədqiqat proqramları dünyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində işlənib hazırlanıb.
Təqdimatda o da qeyd olunub ki, Qazaxıstandan və dünyanın 18-dən çox ölkəsindən tələbələrin təhsil aldıqları universitetdə təhsil yalnız ingilis dilində aparılır, müəllim heyəti isə ən yaxşı dünya təcrübəsini tətbiq edən və bu ölkənin akademik mühitində peşəkar təcrübəni yayan 55 ölkədən gəlmiş pedaqoqlardan ibarətdir. Bundan başqa, universitetin tələbə kontingentinin, o cümlədən əcnəbi gənclərin sayının artırılması ilə bağlı siyasətindən bəhs edən A.İgensartova diqqətə çatdırıb ki, bu ali təhsil müəssisəsində təhsil qrantları, çevik qiymət endirimi sistemi və əcnəbi tələbələr üçün təqaüdlər mövcuddur.
“Beynəlxalq klub” üzvlərinin görüşü çərçivəsində Qazaxıstan və “Nazarbayev Universiteti” haqqında videomateriallar göstərilib, təşkilatçılar sualları cavablandırıb və təbliğat-təşviqat materialları təqdim olunub.
Qazaxıstan təhsil sistemini müsbət qiymətləndirən “Beynəlxalq klub”un üzvləri və tədbirin qonaqları Nazarbayev Universiteti”nin ətraflı təqdimatına görə təşkilatçılara təşəkkürlərini bildirib və ali məktəblərə daxil olan əcnəbi tələbələrlə bağlı burada səslənən təkliflərlə yaxından maraqlanıblar.
Oxunub: 288