Azərbaycan Tibb Universitetində (ATU) startap qrupunun tələbələri üçün “İnnovativ ideyaların biznesə çevrilməsi” mövzusunda ikigünlük seminar keçirilib. Seminar Prezident İlham Əliyevin 2019-cu il 10 yanvar tarixli 881 saylı “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncamından irəli gələn öhdəliklərin həyata keçirilməsinə həsr olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarın əsas mövzusu startap və innovativ inkişafin ideyası və onun məqsədləri, həyata keçirilməsi, bu layihələrin gələcəkdə biznesə çevrilməsi ilə bağlı iştirakçılara ətraflı məlumatların verilməsindən ibarət idi.
Seminarda ictimai səhiyyə üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov startap layihələrinin beynəlxalq təcrübədə uğurla həyata keçirilməsi haqqında ətraflı məlumat verib. O, səhiyyə sahəsində həyata keçirilən çoxsaylı startap layihələrindən danışıb, tələbələrlə müzakirələr aparıb.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun layihələr ilə iş sektorunun aparıcı məsləhətçisi Anar Cəfərov, Elektron Təhlükəsizlik Xidmətinin fərdi məlumatlarla işin tənzimlənməsi sektorunun müdiri Bəhram Cəfərli startap layihələrinin cəmiyyətə və icraçılara verdiyi faydalardan, bu layihələrdə iştirak edərək uğur qazanmaq imkanlarından danışıblar. Həmçinin fond tərəfindən startap layihələrinə göstərilən dəstək, maliyyə mexanizmləri, qrant müsabiqələrində iştirak və güzəştli kreditlərin verilmə qaydaları haqqında tələbələrə ətraflı məlumat verib, onların səhiyyə sahələri üzrə startap layihələri ilə bağlı suallarını cavablandırıblar.
Sonda “Mednoti” və “Sağlam Həyat Platforması” startaplarının icraçıları İlqar Tağıyev və Şahlar Paşayev öz fəaliyyətləri, əldə etdikləri təcrübələr, layihələrin faydaları, İnformasiya Texnologiyaları İnkişaf Dövlət Fondunun onlara göstərdiyi maddi və informasiya dəstəyi barədə təqdimatla çıxış ediblər.
Universitetin elmi-tibbi koordinatoru Sevil Əsədova ötən il ATU-da 5 nəfər tələbədən ibarət Startap komitəsinin təşkil olunduğunu, bu komitənin “facebook” səhifəsinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, ATU-da startaplarla bağlı işlərin aparılmasına baxmayaraq, dövlət təşkilatlarının nümayəndələrinin iştirakı ilə belə tədbirin ilk dəfə keçirildiyini də qeyd edib.